Azərbaycan tarixən müxtəlif mədəniyyətli, müxtəlif dünyagörüşlü insanları birləşdirən, müxtəlif xalqlara, onların mənəvi dəyərlərinə tolerant, yəni dözümlü yanaşan bir məkan olmuşdur. Müasir dövrdə bir çox dövlətlərin dinlərarası dialoqun inkişafına səy göstərməsinə baxmayaraq, Azərbaycanda bu artıq yaşayış tərzinə çevrilmişdir.
Müsəlmanların həyatında Ramazan və Qurban bayramlarının mühüm rolu olduğu kimi, Pasxa bayramı da xristianların həyatında mühüm əhəmiyyət kəsb edir.
Elmi ədəbiyyatda “tolerantlıq - dözümlülük” dini və milli müxtəlifliyin etirafı, ona hörmətlə yanaşmaq kimi izah edilir. Hər bir dini və milli müxtəlifliyə dözümlü yanaşılması müasir dövrün tələblərindən biridir. Elm və texnologiyanın inkişafı insanların daha da yaxınlaşmasını sürətləndirib. Müxtəlif dinlərin və xalqların nümayəndələrinin təhsil, iş və digər bu kimi fəaliyyətlərini həyata keçirmək üçün bir araya gəlmələrinə şərait yarandığı bir dövrdə dözümlülük ən gözəl vasitədir.