Dövlətimiz üçrəngli bayrağımız altında birləşən bütün xalqlara, etnik qruplara həmişə eyni hörmət və qayğı ilə yanaşıb, bü gün də yanaşmaqdadır.
Bütün dinlərin özünəməxsus ibadət mərasimləri, özünəməxsus xüsusiyyətləri vardır. Dinlərin ortaq cəhətləri də vardır ki, bunların sırasına əxlaqlı və dürüst olmaq, insanı yaxşılıqlara yönəltmək, pislik etməmək kimi müsbət keyfiyyətlərin aşılanması daxildir. Məhz müxtəlif dinlərin ortaq cəhətlərini və eyni məqsədlərini qəbul etməklə biz öz inancımızla yanaşı, başqalarının da inanclarına hörmətlə yanaşmış oluruq.
Mənəvi dəyərlər sisteminə dil, din, adət-ənənə, mədəniyyət, ədəbiyyat, tarixi keçmiş kimi amillər daxil edilir. Hər xalqın öz adət-ənənələri, milli-mənəvi, dini dəyərləri var. Ümummilli lider Heydər Əliyev millimənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. O deyirdi: “Dünyada bir çox dinlər mövcuddur. Hər dinin
yeri var. Biz azərbaycanlılar islam dininə mənsub olmağımızla həmişə qürur duymuş, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmiş, düşmənçilik etməmiş, ədavət aparmamış və digər xalqları dinimizə itaət etməyə məcbur etməmişik. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, dinlərin kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”.
Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində qeyd olunur ki, respublikamızda din dövlətdən ayrıdır. Bütün dini etiqadlara inananlar qanun qarşısında bərabərdir. Bununla yanaşı, respublikamızda insan şəxsiyyətini alçaldan, humanizm prinsiplərinə zidd olan dini təriqətləri yaymaq və təbliğ etmək qadağandır.