1 Hər şey ünsiyətdən başlayır
Artıq siz ibtidai təhsil səviyyəsini başa vurmuşsunuz. Təhsilinizi 5-ci sinifdə davam etdirirsiniz. Tədris olunacaq fənlərin, sizə dərs deyəcək müəllimlərin sayı artıb. Vaxtınızın çox hissəsini müəllimləriniz və sinif yoldaşlarınızla birgə doğma məktəbdə keçirəcək, onlarla ünsiyyət quracaqsınız. Sizi düşündürən, narahat edən suallara məhz burada cavab tapacaqsınız. Görəsən, nə üçün ünsiyyət insanın mənəvi tələbatı hesab olunur?
Şəkli sinif yoldaşlarınızla müzakirə edin.
Ünsiyyət insanlar arasında qarşılıqlı münasibətdir. Bir-birini anlamaq insanın mənəvi tələbatıdır.
İnsanların bir-biri ilə ünsiyyət saxlamadan cəmiyyətdə yaşaması mümkün deyil.
Ünsiyyət müxtəlif vasitələrlə - nitq, mimika, əl və bədən hərəkətləri ilə həyata keçirilə bilər. Lakin unutmayaq ki, bu heç də asan proses deyil. Cəmiyyətdə elə insanlar var ki, ətrafdakılarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Uğurlu ünsiyyət yaratmağa bir sıra amillər kömək edir: salamlaşmaq, gülərüz olmaq, hal-əhval tutmaq, qonaq getmək, qonaq qəbul etmək, xoşrəftar, dürüst, səxavətli olmaq və s. Bütün bu sadalananlar ünsiyyət mədəniyyətinin formalaşması üçün çox əhəmiyyətlidir.