Üzeyir, Raul, Lalə, Əli və Humay dostluq edirlər. Onlar öz münasibətlərini necə qurmalıdırlar ki, dostluqları uzun müddət davam etsin?
Bəzən gözləmədiyimiz halda bəzi insanların kobud münasibəti ilə rastlaşırıq. Belə hallar cəmiyyətdə müsbət qarşılanmır.
İnsanların əxlaq və davranışlarının formalaşmasında mühitin və ailənin, milli dəyərlərin, televiziya verilişlərinin, kino və teatrın rolu böyükdür. “Şərikli çörək”, “Qaraca qız”, “Ögey ana” filmlərini, yəqin ki, izləmişsiniz. Bu filmlərdə humanizm*, insansevərlik ön plana çəkilir və hər birimizdə mehribanlıq, kollektivçilik, dürüstlük, böyüklərə hörmət, insanlara sevgi kimi gözəl xüsusiyyətlər formalaşdırır.
Cəmiyyətdə insanlar bəzən yalanın, iftiranın, böhtanın qurbanı olurlar. Belə hallar cəmiyyətdə kök salarsa, insanların həyatına təsir edər, onların əxlaqını və mənəviyyatını korlayar. Siz də çalışın yalandan, iftiradan, qeybətdən, saxtakarlıqdan uzaq olasınız. Düzgün və dürüst insan olmağa səy göstərin, dilinizə yalan söz gətirməyin.
* humanizm - latın sözü olub, humanitas - insanlıq, humanus - insani, homo - insan sözlərindən götürülüb.