18 Ekoloji mühitin canlılara təsiri
Qaranquşlar bülbüllər payızdan yaza qədər yuvalama yerlərini tərk edirlər Sizcə, buna səbəb nədir?
Təbiətdə baş verən dəyişikliklər canlılara fərqli formada təsir göstərir. Orqanizmlər bu dəyişikliklərə müxtəlif cür uyğunlaşır. Kərtənkələlər isti günlərdə çox fəal, soyuq havalarda isə azhərəkətli olur. Yarasalar, ayılar, kirpilər qışda yem azaldığından, hava pisləşdiyindən qış yuxusuna gedir.
İynəyarpaqlı ağaclar ən soyuğadavamlı ağaclardır.
Bakteriyaların bəziləri yüksək (+146°C) temperatura, şimalda yaşayan bitki və heyvanlar isə aşağı (-70°C) temperatura belə dözür.
Elə orqanizmlər də var ki, onlar mühit dəyişikliyinə o qədər də dözə bilmirlər. Məsələn, quruda yaşamağa uyğunlaşmış bitki və heyvanların əksəriyyəti güclü istilər və şaxtalarda məhv olur.
Bilirik ki, Günəş həyat mənbəyidir. Lakin onun canlılara təsirini araşdırsaq, görərik ki, Günəş şüalarının yalnız müəyyən qismi Yer səthinə çatır. Günəş şüalarından olan ultrabənövşəyi şüalar gözlə görünməsə də, Yerdə baş verənlərə güclü təsir göstərir. Bu şüaların bir hissəsinin qarşısını atmosferdəki ozon qatı kəsir. Əgər bu qat olmasa, Günəşin şüaları Yerdə olan bütün canlı aləmi məhv edər. Deməli, canlılar Yerə çatan Günəş şüalarına uyğunlaşmışdır. Bu şüalar orqanizmə müsbət təsir göstərir. Ultrabənövşəyi şüaların təsiri ilə insan bədənində D vitamini əmələ gəlir.