10 Təhlükəsiz kompüter
Anar 5-ci sinifdə oxuyur. Müəllimi ona "Təhlükəsiz kompüter" mövzusunda təqdimat hazırlamağı tapşırıb. O bunu necə edə bilər? Sizcə, hazırladığı təqdimatda Anar nələri qeyd etməlidir?
Kompüter, demək olar ki, hər bir insanın həyatına daxil olub. Artıq kompüterdə işləmək yazıb-oxumaq qədər sadələşib. Kompüterdən təhsil sahəsində də geniş istifadə olunur. Yəqin ki, siz əvvəllər bu cihazda daha çox oyunlar oynayar, şəkillər çəkərdiniz. Hazırda isə kompüterdən istifadə həyatınızda müəyyən bir yer tutur. Elektron kitabları əldə etmək, xarici dil öyrənmək, layihə və təqdimat hazırlamaq, şəkillər üzərində işləmək və s. üçün kompüterdən istifadə edə bilərsiniz. Düzdür, həm oyunlar, həm də sadalanan bu əməliyyatlar olduqca maraqlıdır. Lakin unutmayın ki, kompüterdən çox istifadə insan orqanizminə mənfi təsir göstərir.
Kompüterlə necə davranmaq lazımdır ki, xoşagəlməz və təhlükəli hallarla qarşılaşmayaq? Kompüter otaqlarında hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? Sinif yoldaşlarınızla müzakirə edin.