Layla dedim, yat, bala,
Yuxuna şəkər qat, bala,
Ümidim bircə sənsən,
Boya-başa çat, bala.
Evində, eşiyində,
Yat, quzum, beşiyində,
Dan ulduzu, bir də mən,
Durmuşuq keşiyində.
Layla çaldım həmişə,
Karvan enər enişə,
Yastığında gül bitsin,
Döşəyində bənövşə.
Yaradıcı tətbiqetmə:
1. Ananızdan, yaxud nənənizdən uşaqlıqda sizə oxuduğu laylanı oxumasını xahiş edin. Onlardan bir neçə nümunə ədəbiyyat dəftərinizə yazın.
2. İnternet səhifələrindən, yaxud kitabxanadan layla nümunələri tapın. Bu nümunələr arasında dəftərçənizə yazdığınız laylaların olubolmadığını müəyyən edin. Xoşunuza gələn bir neçə layla nümunəsi əzbərləyin.
Təmsil, əslində, kiçik hekayədir. Təmsil həm nəzmlə, həm də nəsrlə yazıla bilər. Burada insanlara xas sifətlər, xüsusiyyətlər heyvan, bitki və əşyalar vasitəsilə təqdim olunur. Təmsil, əsasən, tənqidi gülüşlə satirik formada yazılır və kiçik əxlaqi, nəsihətamiz nəticə ilə bitir. Müəllifin əsərdə vermək istədiyi əsas fikir bu nəticədə ifadə olunur. Təmsilin süjeti (əhvalat) çox sadə, bəsit, konkret və aydın, dili isə danışıq dilinə yaxın olur. Azərbaycan yazıçılarından Q.Zakir, S.Ə.Şirvani, A.Səhhət, M.Ə.Sabir, A.Şaiq və başqaları bir sıra gözəl təmsillər yaratmışlar.