Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
— Ah, nə gözəl layladır! — Kirpi özünü saxlaya bilmədi.
Hamı kəndə sarı boylandı. Onlar bilmək istəyirdi ki, oxuyan kimdir.
Qarğa dedi:
— Bax bu layla, doğrudan da, gözəldir! Görən, kimdir onu oxuyan?
Bülbül qəhərləndi, dedi:
— Mən bilirəm, laylanı oxuyan Anadır, insanların Anası!
— Nədən bildin?
— Bir vaxtlar insanların evində qəfəsdə yaşayanda bu mahnını eşitmişəm. Ana oxuyar, mən dinləməkdən doymazdım. Mənə belə gəlir ki, dönyanın ən gözəl laylası Ana laylasıdır. Gəlin biz də bu laylanı öyrənib balalarımıza oxuyaq.
Bülbülün təklifi hamının xoşuna gəldi.
Dovşan dedi:
— Mən bundan belə balalarıma bu laylanı oxuyacağam.
Qarğa dedi:
— Mən də!
Kirpi dedi:
— Mən də!
O vaxtdan cavan meşədə yaşayan heyvanlar toran qovuşanda kənddən yayılan Ana laylasını dinləyir, sonra o laylanı öz laylalarına qatıb balalarına oxuyurlar:
Balam, layla, a layla!
Gülüm, layla, a layla!
Layla dedim adına,
Haqq yetişsin dadına.
Hər layla eşidəndə
Balam düşər yadıma.
Balam, layla, a layla,
Gülüm, layla, a layla!
Əzizə Əhmədova