Heyvanlar dedilər:
— Bir oxu görək!
Kirpi oxudu:
Darağı neylər balam,
Tikanları daraqdır.
Balam hələ yatmayıb,
Balam hələ oyaqdır.
Dovşanlar qəti etiraz edib bir səslə söylədilər:
— Yox, Kirpi bacı, elə şey yoxdur, bizim laylamız sizinkindən yaxşıdır. Ən gözəl laylanı ana dovşanlar deyir. Bir qulaq as:
Mənim atılıb-düşən,
Oynağan dovşan balam,
Meh vurur, ətir saçır
Yuxuna yovşan, balam!
Bu laylanı eşidən Qarğa güldü:
— Eh, gör nəyi tərifləyirlər. Yəqin, biz qarğaların laylasını eşitsəniz, ömrünüz boyu ancaq onu oxuyarsınız:
Qar-qar edər qarğalar,
Budaqları yırğalar.
Tez yatar, tez oyanar,
Tənbəl olmaz qarğalar.
Qarğanın laylasını eşidən Bülbül cəh-cəh vurdu:
Cəh-cəh vurub qaçaram,
Bağda qanad açaram.
Qızılgüllər açanda,
Nəğmə deyib uçaram.
Bülbülün məlahətli səsini eşidən kimi heyvanlar və quşlar susdular. Hamısı ən gözəl laylanın Bülbül laylası olduğunu söyləmək istəyirdi ki, kənddən gələn həzin bir səs ətrafa yayıldı: