Növbə tutuquşuya çatdı.
Qarğa:
— Qarr elə, görüm, qarr elə!
Tutuquşu dimdiyini şaqqıldatdı, ayağını tappıldatdı, gözlərini yumdu, açdı, qarğanın sözlərini təkrar etməyə başladı:
— Qarr elə görüm, qarr elə!
Qarğa xoşhallandı, tutuquşuya xüsusi təşəkkür etdi.
Üzünü bülbüllərə tutdu və dedi:
— Oxumayın boş yerə, bilirəm ki, bir balaca səsiniz varr, guya avazla oxuyursunuz. Əgər hünəriniz varsa, mənim kimi qarr, qarr eləyin.
— Çik-ki-çivi, cik-ki-çivi, civi-çik-ki — bülbüllər oxudular.
Pırr eləyib uçdular. Onlar öz şirin nəğmələrini qarğanın dilində oxumaq istəmədilər.
İki qara dolaşa dalaşa-dalaşa qarğanın “məktəb”inə dərs almağa gəldilər.
— Gəlmişik, ağa qarğa!
— Xoş gəlmişsiniz, a bala qarğalar, qarr, qarr! Gərək siz o biri quşlardan dala qalmayasınız!
Qarğanın bu sözlərindən dolaşalar küsdülər:
— Yox, biz qarğa deyilik, dolaşayıq, dolaşa!
Onlar sağollaşmadan uzaqlaşdılar.
Daha qarğa “məktəb”inə gələn olmadı. Orada bir qarğa qaldı, bir də qarğa dilində qarr edən tutuquşular. Onların bir-birindən çox xoşları gəldi, axı eyni dildə danışa bilirdilər.
Teymur Elçin