Doğrudan da, Rzanın əmisi Hindistanda artıq dərəcədə dövlətlənmişdi.
Hindistanda olduğu vaxt qardaşının əhvalından xəbərdar olub, ona kömək eləmək üçün gəlirdi. Fikri bu idi ki, onu bir işə qoyub, rahat dolanmasına səbəb olsun. Lakin Rzanın əmisi Səməd qardaşının əxlaqını yaxşı bilmirdi. Ona görə də onu imtahan etmək istədi. Bunun üçün də fəqir libası geyinib, günorta vaxtı qardaşının yanma gəldi. Qardaşı isə onu, doğrudan da, fəqir hesab edib, onunla yaxşı görüşmədi. Şirin dil ilə söhbət etmədi. Elə sifət göstərdi ki, guya evindən qovmaq istəyir. Axırda buna bir qədər yemək və içmək verib xudahafiz deməmiş cəld evdən çıxdı ki, bəlkə, qardaşı tez çıxıb gedə.
Rza isə əmisinə artıq dərəcədə məhəbbət edib həmişə onun əlindən, üzündən öpərdi. Rza əmisini artıq dərəcədə fağır görüb, ona xərclik vermək istədi. Buna görə pul qutusunu gətirib əmisinə verdi və dedi: “Əmiciyim, bəlkə, sənin xərcliyin yoxdur, mən pullarımı sənə bağışlayıram, al xərclə!” Rzanın əmisi Səməd qardaşı Əhmədin rəftarından artıq dərəcədə məyus olmuş idisə də, balaca Rzaya yazığı gəlib cibindən çek dəftərini çıxartdı və yüz min manatlıq çek yazıb bir məktub ilə bərabər Rzanın qutusuna saldı. Məktubun məzmunu belə idi: “Balaca bala! Hərçənd ki sənin atan və mənim qardaşım fəna xüsusiyyətli bir adamdır, amma sənin tərbiyən, əxlaqın gözəldir. Buna görə də mən sənə yüz min manat bağışladım”. Bundan sonra Səməd Rza ilə görüşüb getdi. Rza isə balaca olduğundan bu əhvalatdan bir şey anlamamışdı. Ona görə də bu iş onun ata və anasına naməlum qalmışdı.
Bir gün borc sahibləri pullarını Əhməddən almaq üçün bunların evinə divan tərəfindən məmur gətirib, ev əşyasını yazdırdı. Bunu görüb Rza öz qutusunu gətirdi və açıb məmurun qabağına boşaltdı. Əhməd qutudan çıxan kağızları görüb, oxumağa başladı. Bu vaxt qardaşının fağır olmadığını və bunu imtahan etdiyini bildi. Tutduğu işdən peşman olub, artıq dərəcədə xəcalət çəkdi.
Əhvalatı biləndən sonra Əhməd məmura çeki göstərib dedi: “Daha evimizin əşyasını yazmayın, sabah mən bankdan pulları alıb, pul sahiblərini razı elərəm.