Bir ulğun ağacına çatıb yerə uzandı. Dincini alıb qarşı tərəfə süründü. Qulağına oxumaq səsi gəldi. Erməni əsgəri bizim “Sarı gəlin” xalq mahnısını oxuyurdu. Sözlərini başa düşməsə də, melodiyasını yaxşı bilirdi. Başa düşdü ki, düşmən səngəri lap yaxınlıqdadı. On-on beş addım da irəli süründü. İnanılmaz cəldliklə səngərə atıldı. Səs olmasın deyə silahı işə salmadı. İlk qarşısına çıxan düşmənin beşini məhv edib, üçünü isə ağır yaraladı. Lənət şeytana deyib, geriyə də qayıda bilərdi. Yox, geriyə yol yoxdu, ancaq irəli. Əlinə keçən silahları da götürüb səngərdən çıxdı. Azərbaycan bayrağını torpağa sancdı: “Can Vətən!” - deyib qalxdı. Fikri düşmənin kazarmasına girib əsgərlərin arasında çaxnaşma salmaq idi.
Nəhayət, düşmənin kazarması görsəndi. Yenə yerə uzanıb ətrafı dinşədi. Bumuna torpağın qoxusu dəydi. Əkilib-biçilməyən, hələ də sahibini gözləyən torpağın... Saat bir olardı. Qalxıb özünə bir neçə səngər bələdlədi. Bələdlədiyi səngərlər bir-birindən çox da aralı deyildi. Silahları yerləşdirdi, bacardığı qədər düşməni çaşdırmalı idi.
Deyəsən, kazarmadakılar postdakı əsgərlərə arxayın olub dərin yuxuya getmişdilər. Bir az da gözlədi, göyə baxdı, ay buludların arxasına çəkilmişdi. Nəhayət, avtomatını düşmənə tərəf çevirdi. Atəş səsləri gecənin sükutunu pozdu...
Dayanmadan atəş açırdı. Yerini teztez dəyişirdi. Düşmən çaş-baş qalmışdı. Gecənin bir aləmində qəfil peyda olan bəlanın haradan gəldiyini hələ də anlaya bilmirdilər. Düşmən elə bilirdi ki, böyük bir dəstə üstünə gəlib. Karıxmışdılar, təntimişdilər, çaşmışdılar, ona görə də bir-birinə atəş açırdılar.