Əziz məktəblilər, yəqin ki, bu kitabı ilk dəfə görəndə düşünmüşsünüz: “Görəsən, bu fənn vasitəsilə biz nəyi öyrənəcəyik? Görəsən, burada nədən bəhs edilir? Bu dərslik bizə hansı bilik və bacarıqlara yiyələnməkdə kömək edəcək?”
Yeni tanış olduğunuz bu fənnin adı “Ədəbiyyat”dır. Əvvəlcə, gəlin aydınlaşdıraq, görək “ədəbiyyat” nə deməkdir. “Ədəbiyyat” ədəb sözündən yaranıb. Mənası tərbiyə, əxlaq, mərifət deməkdir.
Ədəbiyyatın tarixi çox qədimdir. Onun yaşı elə insan cəmiyyətinin yaşı qədərdir. Ədəbiyyat iki yolla yaranıb inkişaf edir: şifahi və yazılı. Şifahi ədəbiyyat şifahi şəkildə, yazılı ədəbiyyat isə yazılı şəkildə yaranıb yayılır. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. Şifahi ədəbiyyatın konkret müəllifi olmur, o, ümumxalq yaradıcılığının məhsuludur. Yazılı ədəbiyyat isə müəllifli ədəbiyyatdır. Şifahi ədəbiyyata “folklor” da deyirlər. Bu, ingilis sözü olub, xalq müdrikliyi deməkdir.
Folklora nəğmələr, mahnılar, bayatılar, ağılar, laylalar, oxşamalar, yanıltmaclar, nağıllar, əfsanələr, lətifələr, dastanlar, xalq oyun-tamaşaları və s. aiddir. Yazılı ədəbiyyata isə hekayə, povest, roman, şeir, dram əsərləri və s. aid edilir. Bəs bu sadaladıqlarımız bir-birindən nə ilə fərqlənir?
Siz artıq dörd il ərzində çoxlu bədii mətnlər oxumuşsunuz. Elə mətnlərlə tanış olmuşsunuz ki, orada şəhərlərimizin, kəndlərimizin, dağlarımızın, düzlərimizin gözəllikləri təsvir edilib. Bəzi mətnlərdə keçmişdə, yaxud müasir dövrümüzdə baş verən hadisələr nəql edilib. Elə mətnlər də oxumuşsunuz ki, orada kiminsə yaxşı, ya da pis hərəkətindən bəhs edilib və həmin hərəkətlər oxucunun mühakiməsinə verilib. Bəzən də hansısa tarixi hadisələrin, ya da elmi axtarışların nəticələri haqqında qısa məlumatlarla tanış olmuşsunuz. Əvvəllər bütün bunlar sizin üçün yalnız mətn idi. İndi isə öyrənəcəksiniz ki, bədii nümunələri təşkil edən mətnlər xüsusiyyətlərinə görə müxtəlifdir. Bu baxımdan siz həm bu dərs ili boyu, həm də qarşıdan gələn illərdə təsviri, nəqli xarakterli bədii nümunələrlə tanış olacaq, mühakimə və tədqiqat xarakterli mətnlərlə bağlı mühakimələr yürüdəcək, tədqiqatlar aparacaqsınız.
Bu yolda sizə uğurlar arzulayırıq.