Tapşırıq 1.
1. Verilən əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işləri aparmağı unutmayın.
2. Oxuya başlamazdan əvvəl proqnozlaşdırın, qeydlər aparın:
— Əsərdə haqqında danışılan Mübariz kimdir?
— Onun hansı xüsusiyyətlərindən danışılacaq?
3. Oxu prosesində proqnozlaşdırmanı davam edin.
4. Oxudan sonra qeydlərinizi yoldaşlarınızın qeydləri ilə qarşılaşdırın.
Həqiqətə ən yaxın proqnozu müəyyən edin.
İGİD MÜBARİZ
(“Mübariz” povestindən parça)
Bir dəfə tarix dərsi idi. Müəllimi Şuşa qalasından, onun tarixi keçmişindən, alınmaz olmağından danışırdı. Müəllim danışdıqca Mübariz düşünürdü ki, bəs ermənilər Şuşanı necə alıblar? Deməli, işğalçıları torpağımızdan vaxtında qovub çıxarmasaq, heç vaxt Şuşanı görməyəcək, Cıdır düzündə at çapmayacaq, İsa bulağından su içməyəcək, Daşaltı çayında çimməyəcəyik. Belə düşündükcə Mübarizin ürəyi düşmənə intiqam hissi ilə dolurdu. Mübariz böyüdükcə, sinifdən-sinfə keçdikcə qəlbindəki intiqam hissi də böyüyürdü.
Mübariz İbrahimov orta məktəbi bitirib əsgər getdi. Daxili Qoşunlarda xidmət edirdi. Amma bu, çox da ürəyincə deyildi. O, Milli Orduda, ön cəbhədə, düşmənlə üzbəüz bölgələrdə xidmət etmək istəyirdi. Mübariz əsgərliyi başa vurandan sonra evlərinə döndü. Amma kəndlərində də çox qala bilmədi, Bakıya gəlib bir müddət burada işlədi. Yox, bütün bunlar onun ürəyincə deyildi. Milli Orduda xidmət etmək, düşməndən intiqam almaq istəyirdi. Atası ilə məsləhətləşib gizirlik kursuna getdi. Kursu bitirib ön cəbhəyə yollandı.
Düşmən hər gün atəşkəsi pozurdu. Bir gecə Mübariz düşmənin bu azğınlığına dözə bilmədi. Üçrəngli Azərbaycan bayrağını götürüb səngərdən çıxdı.
Susuzluqdan yanan kol-kosa, sirkan topasına, tez-tez rast gəldiyi xırdaca təpəciklərə sinə-sinə, Allahı köməyə çağıra-çağıra gedirdi.