indi heç nəyimiz yoxdur, qulluqçuluğa başladıqdan sonra elə bir xoşbəxtlik tapmışıq ki, bundan yaxşısını arzulamırıq.
— Axı indi sizin xoşbəxtliyiniz nədən ibarətdir?
— Deyim nədən: biz dövlətli idik, qocamla mən rahatlığın nə olduğunu bilmirdik; nə bir kəlmə söz kəsib dərdləşməyə, nə ruhumuz, qəlbimiz barədə düşünməyə, nə də əl açıb Allaha yalvarmağa bircə dəqiqə vaxtımız qalmırdı. Gah qonaqlar təşrif buyurur bizə — dərd götürür, kimi nəyə qonaq eləyəsən, hansı hədiyyələr verəsən ki, mühakimə eləməsinlər, yaxşıca dincəlsinlər və ləziz yeməklərdən doyunca yesinlər, baxırıq ki, həm də qonaqlar çıxıb gedərkən
qulluqçular qarma-qarışıqlıqdan istifadə edib bir şey oğurlamasınlar. Beləcə qayğılar girdabında çapalayırdıq, günah üstündən günah işlətdikcə də xoşbəxt yaşaya bilmirdik.
— Bəs indi?
— İndisə qocamla yerimizdən qalxan kimi hər zaman bir-birimizi məhəbbətlə dindiririk, bir-birimizdən razıyıq, mübahisə etməli və qayğısını çəkməli bir şey yoxdur — bircə qayğımız odur ki, sahibimizə xidmət göstərək. Əlimizdən gələni edirik, həvəslə işləyirik ki, sahibimiz ziyana düşməsin, qazancı olsun. İşdən gəlirik — nahar var, şam var, qımız var. Soyuqdursa, qızınmağa
təzək tapırıq, kürkümüz də var. Dərdləşməyə də, özün barədə düşünməyə də, Allaha dua etməyə də vaxt çatır. Əlli il xoşbəxtlik axtarışında olmuşuq, yalnız indi onu tapmışıq.
Qonaqlar gülüşdülər.
İlyas dedi:
- Qardaşlar gülməyiniz gəlməsin, bu, zarafat deyil, insan həyatıdır. Mən də öz qarımla axmaq olmuşuq və əvvələr ağlayırdıq ki, bütün var-yoxumuzu itirmişik, indi isə Allah həqiqətin qapısını üzümüzə açmışdır, biz bunu özümüzə təsəlli vermək üçün yox, sizin də xeyriniz naminə danışırıq.
Molla da sözündən qalmadı:
— Bu, ağıllı sözdür, İlyas həqiqəti olduğu kimi söylədi, Müqəddəs kitabda da belə yazılıb.
Qonaqlar da gülməyə son qoyub susdular və dərin düşüncələrə daldılar.
Lev Tolstoy