— Bax belə, indi onun heç nəyi yoxdur, özü isə mənim təsərrüfatımda işləyir, qarısı da yanında, madyanları sağır.
Qonağı təəccüb bürüdü, ağzını marçıldatdı, başını yellədi və dedi:
— Bəli, görünür, xoşbəxtlik təkər kimi diyirlənib gedir və kimi yuxarı qaldırır, kimisə aşağı endirir.
Necədi, qoca xiffət çəkmir ki, — qonaq soruşdu.
— Kim bilir, özü üçün dinməz-söyləməz yaşayır, yaxşı işləyir.
Qonaqsa öz növbəsində:
— Onunla söhbət etmək olar? Qismətinə yazılmış həyat barədə onu sorğu-sual etmək istərdim.
— Nə deyim, olar — ev sahibi söyləyir alaçıq arxasına tərəf qışqırır:
—Babay (başqırdca baba deməkmiş), içəri keç, qımız iç, qarını da səslə gəlsin.
İlyas arvadı ilə içəri daxil oldu. Qonaqlar və ev sahibi ilə salamlaşdı, dua oxuyub qapının yanında dizi üstdə oturdu; qarısı isə pərdə arxasına keçib, ev sahibinin arvadı ilə əyləşdi.
- Hə, baba, de görək əvvəlki həyatını gözünün önünə gətirəndə darıxmırsan ki, necə xoşbəxt yaşadığını və indi bədbəxtlik içində olduğunu deyirəm, — qonaq İlyasa baxıb söylədi.
İlyas köks ötürüb dedi:
— Sən mənim xoşbəxtlik və bədbəxtlik barədə deyəcəklərimə inanmazsan; yaxşısı qarımı dindir; ürəyində nəyi varsa, dilində də odur; bu işlə bağlı həqiqəti o sənə olduğu kimi danışar.
Qonaq pərdə arxasında əyləşmiş qarıya müraciət etdi:
— Hə, nənə, de görüm əvvəlki xoşbəxtliyiniz və indiki dərdiniz barədə nə düşünürsən?
Pərdə arxasında əyləşmiş Şam-Şemaqi dedi:
— Bax gör nə deyirəm; biz qocamla əlli il bir yerdə yaşadıq — xoşbəxtlik axtardıq və tapmadıq, bax ancaq indi, hər şeyi itirdikdən və qulluqçu kimi yaşamağa başladıqdan sonra ikinci ildir ki, əsl xoşbəxtliyin dadını bilmişik. Başqa firavanlığı istəmirik də.
Qonağı təəccüb bürüdü, ev sahibi də heyrətləndi, hətta ayağa qalxdı ki, pərdəni çəkib qarını görə bilsin. Qarısa əlləri qoynunda dayanıb gülümsəyir, öz qoca ərinə baxır, qocanın özü də gülümsəyirdi.
Qarı bir daha dedi:
— Mən düzünü deyirəm, zarafat etmirəm: yarım əsr xoşbəxtlik axtarmışıq və nə qədər ki dövlətli idik, onu tapa bilmirdik;