Bundan az keçməmiş tezliklə İlyasın qoyun sürüsünə xəstəlik düşdü və əksəriyyət qırıldı. Sonra aclıq ili başladı — ot olmadı: qışda mal-qara tələf oldu. Ardınca qırğızlar sürünün ən yaxşısını qovub apardılar və İlyasın təsərrüfatı puç olmağa başladı.
Tale 70 yaşlı İlyası o vəziyyətə gətirib çıxartdı ki, o kürkləri, xalıları, yəhərləri, alaçıqları dəyər-dəyməzinə satdı və axırıncı mal-qarasının da axırına çıxdıqdan sonra heç nəyin yiyəsi oldu. Hər şeyini necə itirdiyini özü də anlaya bilmədi və ahıl yaşında arvadı ilə birgə qulluqçuluq etməyə yollandı. Qonşuları Məhəmmədşahın qocalara yazığı gəldi. Məhəmmədşah özü nə kasıb,
nə də varlı idi, ürəyi istədiyi kimi ömür sürürdü. Yaxşı adam idi. İlyasla kəsdiyi duz-çörəyi unuda bilmədiyi üçün ona ürəyi yandı və qocaya dedi: “İlyas, yanıma gəl, qarınla birgə bizimlə yaşa. Yay vaxtı bostanda gücün çatandan yapış, qışda mal-qaranı yemlə, Şam-Şemaqi isə qoy madyanları sağsın, qımız düzəltsin. Hər ikinizi yedizdirərəm, geyindirərərəm, nə də gərəyiniz olsa, verərəm”. İlyas qonşusuna minnətdarlıq etdi və qarısı ilə birgə Məhəmmədşahın evində qulluqçuluq etməyə başladı.
Təsərrüfatda bu cür adamların çalışması ev sahibini qane edirdi, çünki qocalar əvvəllər özləri də sahibkar olduqlarından qayda-qanuna əməl edir və tənbəllik göstərmədən gücləri çatdığı qədər çalışırdılar; lakin Mə- həmmədşah onlara nəzər salanda belə alicənab insanların bu cür vəziyyətə düşməsinə heyifsilənirdi.
Məhəmmədşahgilə onun qudaları — uzaqda yaşayan qonaqları təşrif buyurdu; molla da gəlib çıxdı. Məhəmmədşah qoyun tutub kəsməyi buyurdu. İlyas qoyunun dərisini soydu, əti hazırladı, yeməyi bişirib qonaqlara göndərdi.
Qonaqlar və ev sahibi pərqu balışlar və xalçalar üstündə oturub fincandan çay içir və söhbət edirdilər. İlyas işi başa vurub qapının yanından ötüb keçdi. Məhəmmədşah onu gördü və qonağın birinə dedi:
— Qapının yanından ötüb keçən qocanı gördünmü?
— Gördüm, — deyə qonaq söylədi, — burada təəccüblü nə var?
— Təəccüblüsü odur ki, bu kişi bizim bir nömrəli dövlətlimiz olub, adı İlyasdır, ola bilsin, eşitmisən, hə?
— Necə eşitməmişəm, — qonaq deyir, — görməyinə görməmişəm, amma onun şan-şöhrəti uzaqlara yayılmışdı.