“Aman Allah! Mən onu necə tapdım”. İlhamgil Tiflis xiyabanında dayanmadılar. Qoşun ilk öncə oradan cummuşdu. Barrikadaları basıb əzmiş, insanları xurd-xəşil etmişdi. Hər yandan atəş yağır, avtomatlar, pulemyotlar gurlayır, işıqlı güllələr qaranlığı kəsib doğrayırdı.
Qohum-qardaş, ana-bacılar güllə yağmurundan çəkinməyib, öz əzizlərini, doğmalarını axtarırdılar. Səsləyir, çağırır, köçəboyu, kol-kos arasına yıxılmış cavanları çəkir, aradan çıxarmağa çalışırdılar. Soldatlar aman vermir, balasını, qardaşını qurtarmağa can atanları gülləyə tutur, cəsədlərini yanına sərirdilər. Bacı qardaşını neçə meyidin arasından tapdı. Qolunu boynuna aşırdı, dizin-dizin sürünüb, od-alovun içindən onu çıxara bildi...
Altıca ayın gəlini dözmədi: “Mən İlhamsız bu dönyada yaşaya bilmərəm”. Ana, qız gəlini gözdən qoymadılar. Amma neyləyəsən. Gedəni saxlamaq olmaçäı. Zəhər içdi. Hər ikisini yanaşıca dəfn etdilər.
Ana, bacı hər gün şəhidlər xiyabanına baş çəkir, qoşa qəbri odlu göz yaşları ilə isladır, dönüb kor-peşman qayıdır, gəlin otağının bağlı qapısı önöndən dinməzcə ötürdülər. Dönən qara bayramdı. Bakı əhalisi ellikcə Dağüstü parka qalxmış, şəhidlərin qəbrini ziyarət etmişdilər.
Həyət-baca qan ağlayırdı. Allaha ağır getməsin deyib, ana nimçədə səməni əkmişdi. Yaz sorağı yamyaşıl buğda təpəsi ana-bacının göz yaşları ilə suvarılmışdı.
“Ana, könlümə xəngəl düşüb” — demişdi. Ana yayma yaymış, xəngəl bişirmişdi. Yemiş, qalxıb getmişdi yağı qabağına. Bu onun son yeyişi, son gedişi olmuşdu.
Bacı iki aydan bəri açar görməyən kilidi açdı. Otaq başına dolandı, qaranlıq, nəmli evi gözü seçmədi. Düyməni basdı, çilçıraq alışdı. Elə həmin andaca iki quş pırıltı ilə qalxıb, içəridə bir kərə dövrə vurdu. Aralı qapıdan çıxıb getdilər.
Qızın oradan nə halda qalxdığı ananı təlaşlandırdı.
— Nə olub? Nə baş verib?
— ... İşıgı yandırdım. Onların çarpayısına iki quş qonmuşdu. Otaq işıqlanan təki qalxdılar. Dolanıb, uçub getdilər... Ana, vallah onlar quşa bənzəmirdi. Başları elə bil insandı. Qapı iki aydı bağlıydı. Quşlar oraya hardan giriblər?..
Ananın gözləri səməni zəmisinə dikildi:
— Qızım! Qardaşının, gəlinimizin ruhu imiş o quşlar. Bayrama görə otaqlarına baş çəkməyə gəlibmişlər... Allahın gönahsız bəndəsisən, bala. Ruhlar sənin gözünə görünüb.
Sabir Əhmədli