Xəstəxanalarda yaralıların əlindən tərpənmək mümkün deyildi. Soyuq qış gecəsində güllə yarası almış insanlara qan vermək üçün hamı şəfa ocaqlarına axışırdı. Gələnlər o qədər çox idi ki, qanköçürmə məntəqələrinin qarşısında uzun növbələr yaranırdı. O ağır, faciəli günlərdə xalqımız yumruq kimi birləşmişdi. Bu yumruğu heç bir qüvvə əyə, bükə bilməzdi!
Qanlı şənbə gecəsində azadlığımız və müstəqilliyimiz uğrunda şəhid olanları əvvəllər sovet rəhbərlərindən biri olan Kirovun adını daşıyan parkda dəfn etmək qərara alındı. Bundan sonra bu park keçmiş bolşevikin adını daşımayacaqdı. İndən sonra bu yer Şəhidlər xiyabanı adlanacaq və xalqımızın müqəddəs ziyarətgahına, and yerinə çevriləcəkdi.
Yanvar ayının 21-də azadlığımız və müstəqilliyimiz uğrunda qurban getmiş şəhidləri dəfn etmək üçün camaat burada məzarlar qazmağa başladı. Bu xəbəri eşidənlərin hamısı kömək üçün Xiyabana axışırdı. Ömrümdə ilk dəfə idi ki, kütləvi məzarların necə qazıldığını görürdüm. Bir neçə nəfərlə bərabər biz də işləyənlərə kömək etdik. Məzarlıqda heç kim bir-birini buyurmurdu. Hərə əlindən gələn işi görürdü. Kimisi yer qazır, kimisi palçıq qatır, kimisi isə mişar daşları ilə məzarların arasını hörürdü. Görüləsi işlər çox idi.
Hələlik şəhid olanların sayını da dəqiq bilən yox idi. Amma qəbirləri qazırdılar. Hamı çalışırdı, hamı əlləşirdi ki, səhərə qədər bütün məzarlar qazılsın. Sabah xalq öz şəhidlərini dəfn edəcəkdi.
Sabir Əhmədli
Tapşırıq 2. Mətnin ideyasını müəyyən edin. Əldə etdiyiniz nəticələri müzakirə edin.
Müstəqil iş. Oxuya hazırlıq işləri aparın. Sabir Əhmədlinin “İşığı söndürmə” mətnini oxuyun və onun hissələrini müəyyən edin. Nəticələrinizi yazılı şəkildə təqdim edin.
İŞIĞI SÖNDÜRMƏ
Ana yuxudan qəm içində oyandı. Alt otağın açarını qızına uzatdı:
— Düş aşağı. Aç qapını, onların işığını yandır... Bu gecə İlham yuxuma gəlmişdi. Dedi, ana, mənim işığımı niyə söndürmüsünüz.
Qız açarı anasından aldı. Pillələrlə aşağı endi. Üstdə onlar, altda qardaşı gəlinlərilə yaşayırdı.
Qanlı şənbədən düz iki ay keçirdi. Dünən yaz girmişdi, onların qara bayramıydı. İki aydan bəri otağın qapısı açılmamışdı.