Halbuki kişi... elə bil bunu istəyirdi. Bəlkə, onda qətlə yetirilmiş minlərlə insanın taleyini aydınlaşdıracaqdı.
Avtobusdan ayrıldı, meydanı dolanıb üz tutdu Dağüstü parkın girişinə. Adamlar girişdə toplanır, daş pillələrlə qalxır, xiyabana doğru tərpəşirdilər. Bu başdan o başa sim çəkilmişdi. Sim boyunca qərənfillər döşənmişdi. Şəhidlərin pak ruhu qızıl qərənfillərin zərif, təmiz ətriylə qovuşmaqda idi.
Kişi anlamadı, fərqinə varmadı. Yenicə qəbiristanlığa çevrilib, ad da qoyulmuş “Şəhidlər xiyabanı”nın üst və altınca, xiyaban boyu ağaclıqdı. Qışın amansız hədəsinə tab gəlirən, aramsız olaraq yaşıl qalıb, ömrü boyu yaz təranəsi oxuyan ardıclar, tinglər... hövl etmiş, yaqut gözlərini açıb, gəlib-keçən yas əhlinə məlulcasına baxırdı.
Xiyabanın bir yanı, qəbirlərin baş səmti hörgü idi. Bakının karxana daşlarının bitişində, künclərində gözcüklər var idi. Yaz girəli qaranquşlar, bülbüllər kənddən, çöllərdən köçüb gəlib, şəhərin dağ yamacında yurd tapmışdı. Qış girəli daş yuvalar sovulmuşdu. İndi həmin zindan öycüklərin hər birindən tac-darağı qana bələnmiş bir quş çıxıb, torpağa tapşırılmış şəhidlərə həyan olmuşdu.
Daş yuvacıqlara qərənfillər sancılmışdı. Çiçəklədiyi heç zaman görünməyən şamlar, küknarlar al-qırmızı gül açmışdı. Bundan o yana...hm, kişi axtardığını tapmışdı. Tanış! Bu qoçaq milisioner: geri daranmış teli, paqonu, iri gözləri, səliqəli bığları... Lap bu yaxınlarda gördüyü idi. Hm, özcə sahəsi, zolağı idi bura onun. Səhərdən-axşama, axşamdan-səhərə Dağüstü parkın xiyabanlarında dolaşır, dəniz körpülərinə baxır, Bayıla tamaşa edirdi.
Papaqlı-geyimli kişi; iş-güc adamı, oğul-uşaq yiyəsi saç-saqqal çallaşmış. Daha tanımağa, ad-san sormağa nə ehtiyac vardı. Xiyabanın o başında da yasin oxunur, fatihə verilirdi. Adamlar ikibir gedir, Bayıl yamacları, tərsanələrin qənşərləndiyi dərənin başında dönür, alt xiyabanla qayıdırdılar. Buradansa göz yaşı axıtdıqları şəhid qəbirləri görünmürdü.