Kişi göz-göz açılmış qabaq şüşəyə bir də baxdı. Sağ yana bircə güllə dəymişdi; başlıcası sol — sürücünün əyləşdiyi yer idi. İndi bu kişi sol yanda, düz ortada, bir az yuxarıda açılmış dəliklərin arxasında, şüşənin o üzündə sürücünü görməyə çalışdı. Düz alnına dəyib. Bir az aşağı sağ əl ...sol qol... ürək. Görəsən, güllənin hansı siftə dəyib: yuxarıdakı, alın səmt, ürək, yoxsa çiyin?! Dörd-beş güllənin deşdiyi dəliklər Ayı bürcünün ulduzlar düzümünü xatırladırdı.
Kişi, gecə saat on ikidən sonra başlayan, yeri-göyü, həndəvərdə canlı-cansız nə varsa hamısını oda tutan atəşin bu avtobusa necə yönəldiyini, necə tuşlandığını ağlına vururdu. Kim olub atan, gör necə insafsızmış; neçə kərədən yaylım açıb, avtomatın bütöv bir xəzinə gülləsini sərnişin avtobusuna çırpıb.
— İçində adam olubmu? Sərnişin, ya bəlkə, oraya toplanmış adamlardan? Olmayıbsa, bəs onda avtobusun böyürləri, sərnişinlərin əyləşdiyi kürsülərin yan şüşələri niyə büsbütün qəlpəyə tutulmuşdu. Hə, güllə əzəlcə bərk zərər yetirməyib. Qoluna, biləyinə toxunub, çovuyub əlinə dəyib, yalayıb keçib. Sonra maşının aradan çıxacağını görüb, qatillər iki yandan atəşə tutublar. Daha sonra, düz qarşıdan, Salyan kazarmasının, Tiflis prospektinin döngəsinə can atarkən, bir dəstə avtomatlı ilə üzləşmiş, onlarca tankların şaxıyan işıq püskürtüsündə apaydın seçilən, qara gözləri işıqdan qamaşan, qarapapaq, qarabığ oğlanı hədəfə çevirmişdilər. Alnına, sinəsinə ürəyinə... Avtobus bir az getmiş “qarmoşka” ilə bir-birinə bağlanmış vaqonları ortadan bükülüb, səkiyə çıxmış, sönmüşdü.
Güllə deşiklərindən ölümün bəbəksiz gözləri baxırdı elə bil. Avtobusdan ayrılıb döndü meydana. Meydanın ortasında bir parça yer həmişəyaşıl kollarla çəpərlənmiş, tən ortada Yer kürəsini andıran bitki şarı becərilmişdi. Yaşıl çəpərin çöplərində, şar-kolun yaxasında, sinəsində qərənfillər bitmişdi; dünyanın heç yerində görünməmiş möcüzə, sehrli bir calaqdı. Kollar qərənfillər açmışdı. Meydan, çəpər içrə çayırlıq qırmızı qərənfillərin boyasında uyumuşdu.
Ötən üç-dörd gündə, hər gün bir soraq çıxır, Qanlı şənbənin dəhşətləri söylənilirdi. Gecələr Bakı sakinləri, Azərbaycan milləti “Azadlıq”dan danışan Mirzə Xəzərin səsini eşitməkdən ötrü çırpınırdı. Ölənlərin sayı söylənilir, qapı-qonşuda, məktəbdə adları çəkilirdi. Evdə, işdə, küçədə kişi qulağını şəkləyir, ölənlərin arasında tanış arayırdı. İşdə salamatlıqdı, onların qohum-əqrəbasından yaralanan, ölən yox idi.