SABİR ƏHMƏDLİ.
“ŞƏHİDLƏR XİYABANI”.
“İŞIĞI SÖNDÜRMƏ”
(Əsər üzərində iş)
Tapşırıq 1. Təqdim edilən bədii nömunəni oxuyun. Hadisələrin nəql edilməsi baxımından əsəri təhlil edin.
ŞƏHİDLƏR XİYABANI
(İxtisarla)
DTK-nin yeni binasının qarşısından başlayaraq, Nərimanov caddəsinin hər iki səkisində qərənfillər qoyulmuşdu. Sağdan, soldan bordürların üstüncə düzülmüş qırmızı qərənfillər qızıl
yelkən təki çəkilib gedirdi. Dağüstü parkın qarşı meydanı adamla dolu idi.
“Moskva” mehmanxanasının üst yanı, geniş meydançanın bəri başında bir sarı avtobus saxlanmadı. Adamlar avtobusu araya almışdı.
Sarı avtobusun içərisində kimsə yox idi, qapıları bağlıydı. Avtobusun gövdəsi, böyürləri, yuxarı-aşağısı dəlmə-deşik, atəş-atəş üstdən döşənmişdi; yüzlərlə bakılını, minlərlə insanı küçədən küçəyə, dayanacaqdan dayanacağa, şəhərin bir başından o biri başına çatdıran xəzəl rəngli “İkarus” həlak olanların məzarına baş çəkməyə gəlmiş əhalinin, qonaqların gözü önündə saxlanmışdı.
Bu maşının sürücüsü sağ qala bilməzdi. Qarşıdan, üz-üzə sancılmış iki güllənin biri sürücünün əyləşdiyi sahəni, düz onun başının göründüyü parçanı, o biri isə bir az aşağı, ürək səmti dəlib keçmişdi. Kim imiş bu dəlmə-deşik abidənin yiyəsi!
Bu kişi ömrü boyu avtobuslarda getmişdi. Hər bir sərnişinin, şəhərin sıravi sakininin üzləşdiyi əzabı çəkmişdi. Hər cür sürücü görmüşdü. Avtobusun qənşərində dayanıb, geniş, azacıq qabarıq alın şüşəsində açılmış güllə yerlərinə baxdıqca, ona elə gəldi ki, bu binəvanın sahibi — sürücü onun tanıdığı insandı. Nə vaxtsa görmüşdü. Avtobusun ətrafına yığılmış adamlar sarı maşının içini-çölünü göçdən keçirir, guya onun atəşə tutulduğu anları, qəziyəni göz önünə gətirir, götür-qoy edirdilər.