Göylər tərtəmizdir ilk bahar kimi,
Min bir rəngə çalan xalılar kimi —
Günəşin altında parıldayır qar.
Yarpaqsız meşə də qaralır durur,
Küknarlar hələ də tərdir, yaşıldır,
Çay, buzlar altında sanki bərq vurur.
Otağım kəhrəba rəngli şəfəqlə
Doludur. Çırta-çırt yanır odunlar
İsti buxarıda. Amma yatağa
Girib düşünmənin nə ləzzəti var!
Bilirsənmi, nə var? Əmr eyləyəkmi
Qoşsunlar xizəyə atlarımızı?
Bağlayaq qar üstə bərk qaçışma
Bizim hissimizi, həyəcanımızı.
Sürüşüb bu səhər qarların üstə
Ziyarət eyləyək tənha çölləri,
İndi çılpaqlaşmış sıx meşələri,
Mənə əziz olan bu sahilləri...
Aleksandr Puşkin
Tapşırıq 2.
Oxu başa çatandan sonra “Oxudan sonra” (səh.16) təlimatını ardıcıllıqla yerinə yetirin.
Ev tapşırığı:
1. Şeirin ideyasını müəyyən edin. Fikirlərinizi yazılı şəkildə müəllimə təqdim edin. (Yazının həcmi 0,5 səhifə)
2. Yeni qarşılaşdığınız sözlərin mənasını müəyyən edin. İzahlı lüğət tərtib edin.