Essedə təsvir vasitələri:
“Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)”
Siz artıq mətn yazarkən oxucuya çatdırmaq istədiyiniz fikirləri müəyyən etmək, müşahidələr aparmaq, yadda saxlayıb yazıya almaq yollarını bilirsiniz. İndi isə çatdırmaq istədiyiniz fikirlərin təsvir vasitələri ilə daha ətraflı və təsirli təqdim edilməsi yollarını öyrənəcəksiniz.
Tapşırıq 1.
1. “Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” mövzusunda esse yazmazdan əvvəl yazıya hazırlıq işləri aparın (əvvəlki dərslərdə bunu necə etməyi öyrənmisiniz).
— Qışda təbiətdə baş verən hadisələri və onların həyatımıza gətirdiyi dəyişiklikləri yadınıza salın, eşitdiyiniz və araşdırmalar nəticəsində əldə etdiyiniz məlumatları xəyalınızda canlandırın.
— İdeyanı yaradan fikirləri müəyyənləşdirin və onları ardıcıllıqla yazın.
2. İndi isə essenin bədiiliyini və fikirlərin obrazlı olmasını təmin etmək üçün aşağıda göstərilən işləri aparmaq lazımdır.
Müəyyən etdiyiniz fikirlər üzərində düşünün:
— Hansı bədii təsvir vasitəsi (epitet, təşbeh) fikirlərimin daha obrazlı çatdırılmasına kömək edər?
— Gördüklərimi hansı duyğuların (görmə, eşitmə, qoxu, dad, toxunma) təsviri ilə daha canlı ifadə edə bilərəm?
— Bu mətndə dəqiqləşdirici faktların təsvirinə ehtiyac varmı? Əgər faktlar təsvir edilərsə, nələrdən (ad, tarix, say və s.) istifadə etmək lazımdır?
— Baş verən hadisələrdə qeyri-adilik görürsünüzmü? Əgər görürsünüzsə, bu qeyri-adilik nədədir?
— Baş verən hadisə hansı hissləri yaradır və nə haqda düşünməyə, nəyi hiss etməyə vadar edir?