Dişim dodaqlarımı
necə kəsdi, bilmədim.
Qarışdı göz yaşlarım
dodağımın qanına,
Döndü gözümdə dünya
bir matəm meydanına.
Bircə damla göz yaşı
buludlardan ağırdı,
Göydən yox, o gün yağış
gözlərimdən yağırdı.
Mən belə ağlamışdım
Qanlı Fələk ilk dəfə
ürəyimi qıranda,
Yetim qalıb atamı
torpağa tapşıranda.
O məzarın önündə
boynu bükük qalanda,
Körpə çiyinlərimdə
dağ boyda yük qalanda.
Mən belə ağlamışdım
20 Yanvar günü,
Mən belə ağlamışdım
Vətənin ağlar günü.
Dönmüşdü gözlərimdə
qəmli bir tamaşaya,
Mən belə ağlamışdım
Xocalıya, Şuşaya.
Zəlimxan Yaqub
Yaradıcı tətbiqetmə:
Sinifdənxaric oxu materiallarına daxil edilmiş əsərlərdən birini və ya bir neçəsini oxuyun. Yazıçının nəzərdə tutduğu ideyanı göstərin. Bədii təsvir vasitələrinin, duyğuların və faktların təsvirinə necə yer verilmişdir? Nə kimi əlavələr etmək istərdiniz?