Ruzvelt istəmirdi ki, ona acısınlar. O, camaat arasında oturar, yaxud tribunanın kənarına söykənib dayanardı. Əgər mütləq bir neçə addım atmaq vacib olurdusa, dözülməz ağrı hiss etməyinə baxmayaraq, o bu addımları atırdı. Məsələn, Konqresdə çıxışı zamanı belə etmişdi. Heç kim onun üzündə ağrı əlaməti sezmədi. Ruzveltin üzündə yalnız özünə tam əminlik ifadəsi var idi. Sağalmaz xəstəlik onu əlil etdi, ancaq o, başqa insanların ağrı və əzablarını anlamaq və bölüşmək qabiliyyəti qazandı. Ruzvelti irəli aparan pul, hakimiyyət həvəsi yox, ölkəsinə və insanlara kömək etmək istəyi idi.
Ruzvelt Amerika Birləşmiş Ştatlarının prezidenti olduğu müddətdə Amerika xalqını silahlı münaqişələrdən və müharibədən qorudu. Həmin vaxt — 1939-cu ildə İkinci Dünya müharibəsi başladı. Ruzvelt xalqına söz verdi ki, onu müharibədən kənarda saxlayacaq və sözünün üstündə durdu.
1940-cı ildə üçüncü dəfə prezident seçiləndə də o, amerikalılara qəti surətdə vəd etdi: “Mən artıq demişəm, bir daha sizə deyirəm ki, sizin uşaqlarınız başqalarının müharibəsinə getməyəcəklər!”
MƏN GÖLMƏÇƏLƏRDƏN
ATILA BİLİRƏM
Avstraliya yazıçısı Alan Marşalla tanış olmamışdan əvvəl onun “Mən gölməçələrdən atıla bilirəm” kitabını oxumuşdum. Çox səmimi yazılmış bu kitab məni valeh eləmişdi. Kitabda ağır xəstəlikdən sonra əlil olan kiçik bir oğlan uşağından bəhs edilirdi. Əsərdə onun iztirabları, qoltuq ağaclarından istifadə edərək müstəqil gəzməsi təsvir olunmuşdu. Təbiətin qüdrəti fonunda balaca, cəsur insanın dərdi xüsusi həssaslıqla qələmə alınmışdı. Əsər uşaq ədəbiyyatı sayılsa da, mənim kimi gəncliyi arxada qalmış bir şəxsi öz dərin nikbinliyi ilə cəlb etdi. Yazıçının özünün də əlil olduğunu bilirdim. Mən onu müdrik qəmli baxışlarla dünyaya baxan çəlimsiz biri kimi təsəvvür edirdim.