Uşaq bir tərəfdən danışır, bir tərəfdən də gözlərindən sel kimi yaş axıdırdı. Əli ilə yolun kənarındakı əlil arabasından yıxılmış 15—16 yaşlarında olan oğlanı göstərdi və dedi:
— Böyük qardaşım arabasından yıxıldı. İndi onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin.
Bu sözlərdən sonra gənc sanki ayıldı. Yolun kənarında yerə yıxılmış oğlanı qaldıraraq yenidən arabasına oturmağa kömək etdi. Dəsmalı ilə üst-başını təmizlədi. Uşaq təlatümü yenicə sakitləşmiş dənizə bənzər gözləri ilə minnətdarlıqla gəncə baxıb:
— Allah razı olsun, — dedi
Uşaqlar arabanı sürərək evlərinə tərəf getdilər. Onlar gözdən itənə qədər gənc dayanıb mənalı baxışları ilə arxalarınca baxdı.
Maşının önü əzilmişdi. Bu həyat dərsi olan əziyi heç vaxt təmir etdirmədi. Çünki bu hadisə gəncə həyatda daha həssas olmağı, bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyə ehtiyacı olanlara əl uzatmağı öyrətmişdi...
“PREZİDENT MƏNİ TANIYIRDI”.
BORİS POLEVOY. “MƏN GÖLMƏÇƏLƏRDƏN ATILA BİLİRƏM”
(Əsər üzərində iş)
PREZİDENT MƏNİ TANIYIRDI
Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Franklin Delano Ruzvelt oğlunun qoluna söykənərək hökumət evinin pilləkənlərini enməyə başladı. Gözlər ona dikilmişdi. Onun üzündən özünə güvəndiyini göstərən təbəssüm çəkilmirdi.
Ruzvelt yazı stolu arxasında əzəmətli görünürdü. Enli çiyinləri, kübar üz cizgiləri vardı. Çox az adam bilirdi ki, 1921-ci ildə keçirdiyi xəstəlikdən sonra onun ayaqları işləmir. Ağıl və cazibədarlıqdan başqa, Ruzveltdə həm də güclü iradə var idi. O, iş qabiliyyətini qaytarmaqdan ötrü ağlasığmaz səy göstərmiş, əslində, qəhrəmanlıq etmişdi. Hər gün saatlarla gimnastika edirdi. Üzür, qollarının və çiyinlərinin əzələlərini möhkəmləndirirdi. Beləcə o, bədəninin yuxarı hissələrini öz iradəsinə tabe edə bilmişdi. Ayaqları isə heç cür hərəkət etmədi.