Onlardan biri, daun sindromundan əziyyət çəkən idmançı qız ona yaxınlaşıb başını doğma ana kimi qucaqlayaraq soruşdu:
— İndi yaxşısan? Özünü necə hiss edirsən?
Başqa idmançılar da yaxınlaşdılar, hamılıqla çiyin-çiyinə verərək birlikdə “FİNİŞ” xəttinə doğru irəlilədilər. Bu səhnənin canlı şahidi olan minlərlə tamaşaçı ayağa qalxaraq göz yaşları içində əlil idmançıları bir xeyli alqışladılar. Yarış sona çatdı. Onlar şahidi olduqları bu hadisəni başqalarına da danışdılar. Bilirsənmi nə üçün? Çünki hər birimizin daxilində digər hissləri üstələyən başqa bir hiss də var. Bu, İNSANSEVƏRLİK hissidir!
HƏYAT DƏRSİ
Gənc iş adamı yeni avtomobili ilə bir küçədən keçirdi. Birdən maşının önünə nəyinsə dəydiyini hiss etdi. O, maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısında 12—13 yaşlarında çəlimsiz bir qız dayanmışdı.
Gənc özünü saxlaya bilməyib qışqırmağa başladı:
— Sən kimsən? Bu zəhrimar daşı niyə atdın? Bilirsən, bu daş mənə neçəyə başa gələcək?
Uşaq yalvararaq cavab verdi:
— Bağışlayın, başqa çıxış yolum yox idi. Əgər daşı atmasaydım, heç kim mənə maşın saxlamayacaqdı.