Payızın ilk günləri idi. Qatarın vaqonuna uca boylu, saçları qar kimi ağappaq bir kişi və 25 26 yaşlarında bir oğlan daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi. Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədən bayıra çıxardı və birdən heyrətlə qışqırdı:
— Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!
Yaşlı kişi həm sevinc, həm də kədərdən bulud kimi dolmuş gözlərini oğlunun üzünə dikərək gülümsədi.
Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi.
Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı:
— Ata, gölə bax, onun adı nədir?
— Ceyranbatandır, oğlum.
— Ata, göldəki quşlara bax! ... Buludlar bizimlə birgə hərəkət edir!
Cütlük oğlanın qəribə hərəkətlərini gözaltı müşahidə edirdi, atası isə oğlunun davranışında heç bir qəribəlik görmürdü.
Yağış yağmağa başladı, büllur damcılar oğlanın əllərinə düşürdü. O, damcıları sayırdı. — Bir, iki, üç... O yenə də sevinclə gözlərini yumub qışqırdı:
— Ata, yağış yağır! Görürsənmi, ata?
Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu:
— Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız?
Kişi cavab verdi:
— Biz elə Mərkəzi klinikadan gəlirik. Bu gün mənim oğlumun gözləri ömründə ilk dəfə görməyə başlayıb.
Başqa insanların işləri və hərəkətləri haqqında tam məlumatımız olmadan onları qınamaq olmaz. Hər şeyi yalnız ALLAH bilir. Ona görə də “Qınamayın ki, qınananlardan olmayasınız!”
Bu hadisə bir neçə il əvvəl Amerikanın Vaşinqton ştatındakı Sietl şəhərində keçirilən idman yarışında baş vermişdir. Doqquz əlil idmançı qaçış zolağında hazır vəziyyətdə durmuşdu. Nəhayət, “START” atəşi açıldı. İdmançılar məsafənin üçdə birini qət etdilər. Qəflətən idmançılardan biri yerə yıxıldı, ağrıdan ilan kimi qıvrılmağa başladı. Digər səkkiz idmançı onun yerə yıxıldığını görüb qaçışı dayandırdılar.