Epitet
Epitet hesab edilən söz necə?, nə cür?, hansı? suallarından birinə cavab verir və Azərbaycan dilində həm də “bədii təyin” adlandırılır.
“Gözəl mənzərələri var Azərbaycanımızın! Təbiət bizdən heç nəyi əsirgəməyib. Başıqarlı dağlar, zümrüd meşələr, gözəl vadilər, füsunkar Xəzər və çoxlu göllər, çaylar və bulaqlar onu necə də gözəlləşdirir”. Zümrüd sözü bu ifadədə nə məqsədlə işlənib?
Yazda və yayda meşələr yamyaşıl olur. Zümrüd qiymətli daşdır, rəngi də gözoxşayan parlaq yaşıldır. Demək, zümrüd sözünü işlətməkdə məqsəd meşənin yamyaşıl rənginin gözoxşadığını bildirməkdir. Bəs bu ifadə necə yarandı? Bu suala aydınlıq gətirmək üçün sizə iki nümunə təqdim edirik. Birinci nümunə riyaziyyat fənnini sevənlər üçün maraqlı olacaq. İkinci nümunə isə Azərbaycan dili fənnini sevənlərin yardımçısı olacaq.
Birinci nümunə:
Siz dördüncü sinifdə “düzbucaqlının perimetri” anlayışı ilə tanış olmusunuz. 5-ci sinifdə isə düzbucaqlının perimetrini hesablamağı öyrənəcəksiniz. a və b-ni düzbucaqlının tərəfləri kimi qəbul etsək, o zaman perimetrin düsturunu aşağıdakı kimi təsəvvür etmək olar:
2a + 2b = 2(a + b)
Gəlin bu düsturu epitetin yaranmasına tətbiq edək:
yaşıl zümrüd + yaşıl dağ = yaşıl (zümrüd + dağ)
Gördüyünüz kimi, “yaşıl zümrüd” ifadəsi “yaşıl dağ” ifadəsilə rəng baxımından qarşılaşdırılıb. Bu halda “yaşıl” sözü mötərizənin kənarında qalıb, bədii mətndə isə onun mənası sözlərin altında gizlənib. Yəni “zümrüd dağ” ifadəsi dağın yaşıllığını bildirir. Odur ki, yaşıl ağaclarla örtülmüş dağı təsvir etmək üçün onu “zümrüd dağlar” kimi ifadə edə bilərsiniz. Burada “zümrüd” epitetdir. Dağın əlamətini, necəliyini göstərir.
İkinci nümunə:
Necə? sualına cavab verən söz | |
Həqiqi mənada | Məcazi mənada |
Daş (necə - həqiqi) hasar | Daş (necə - məcazi) qəlb (Epitet) |
Onu da bilməlisiniz ki, epitet yunan sözü olub, əlavə deməkdir.