Maral Göygölə baxsa da, öz gözəlliyini Güzgü göldə görönən sayaq görə bilmədi. Maral buradan bir növ göyərmiş və göyümtül görünürdü.
Maral Göygöl sahili boyu ensiz cığırla nazlana-nazlana addımlayırdı. Yuxarıda Kəpəzin gərdəninə qar kimi ağ duman zolaqları dolanır, ağ-ağ buludlar da Göygölün şırımlanan səmasında hərəkət edir, Kəpəzin zirvələrində bahar günəşinin qızıl telləri Göygöl diyarına nur səpələyir, əlvan çiçəklər də ana torpaqdan baş qaldırırdı.
Ağ papaqlı göbələklər də tala-tala ağarırdı. Kəpəzin döşündə əriyən qar buz suya dönür, üzüaşağı şır-şır axırdı. Bütün şırlanlar şırıldaya-şırıldaya Göygölə tökülürdü.
Maral Göygöl barəsində çox şeyi xatırlayırdı... Xatırlayırdı ki, bir zaman onun anası öz qızı bu Marala Göygölün əmələ gəlməyindən danışmışdı.
O nəql etmişdi ki, bu dağlar necə dəhşətli zəlzələyə məruz qalmışdır!.. Aləmi sarsıdan, dağları qapaq kimi atıb-tutan zəlzələ nəticəsində bu Göygöl əmələ gəlmişdir. Ağ suyun yuxarılarından, Maral göldən atlana-atlana, ağara-ağara gəldiyini də, bu Göygölə töküldüyünü də demişdi... Demişdi ki, Göygölün ayaq tərəfindən dəmir qayaların altında bir çay axıb gedir. Ancaq nə edəsən ki, Maral Güzgü göl məftunu idi, çünki Güzgü göl Maralı istədiyi kimi göstərirdi, Güzgü göl Maralın gözəlliyinə heç bir göy kölgə salmırdı.
Axşamlar ağnavaz göydən gümüş səpələnir, xəsillikdə gümüş-gümüş şeh tuturdu. Baxdıqca bu xəsillik Göygölün ayrılmaz bir hissəsi kimi gömgöy görünürdü. Göy ipəyə bürünən Göygöl ləpələnir, Ayın gümüş nuru içində bəzən gümüşü rəng alırdı...
Süleyman Rəhimov