SÜLEYMAN RƏHİMOV. “GÜZGÜ GÖL ƏFSANƏSİ”
(Bənzətmə və epitetin müəyyən edilməsi)
Tapşırıq 1. S.Rəhimovun “Güzgü göl əfsanəsi”ni oxumazdan əvvəl oxuya hazırlıq işi aparın. S.Rəhimovun “Güzgü göl əfsanəsi”ndə müqayisə edilən, bənzədilən məqamları və epitetləri seçib cədvəldə yazın. Epitetin nə olduğunu bilmək üçün mətndə məcazi mənada işlənmiş necə?, nə cür? suallarına cavab verən sözləri tapın. Mətn üzərində iş başa çatdıqdan sonra verilmiş məlumatla tanış olun.
“Güzgü göl əfsanəsi” əsərində bədii təsvir (məcazlar) | ||
Abzas | Bənzətmə (təşbeh) | Epitet |
“GÜZGÜ GÖL ƏFSANƏSİ”
(İxtisarla)
Qədim zamanlarda Kəpəz dağının aşağı sinəsində, Göygölün yuxarı yaxasında, yamyaşıl meşənin içində, ağ qayaların əhatəsində bir Güzgü göl qaynayırdı.
Maral sübh tezdən durunca yatdığı yeri qabaq ayaqları ilə eşib-eşib gül kimi təmizləyir, üstünə toz qonmağa qoymurdu. Bu yerlərin ağ-ağ yağışlarında Maral yuyunur, yuyunduqca da gözəlləşirdi. Payızdan başlayıb yağan qar isə ağacların qol-budaqlarından Maralın üstünə səpələnir, onun saç-saçağını darayırdı. Maral özünü Güzgü gölə yetirir, bu gölün pul-pul olub dairələnən gümüş suyundan içə-içə öz surətinə tamaşa edir, bundan hədsiz dərəcədə zövq alırdı.
Az əvvəl Güzgü göldən aşağı düşən Maral Göygölün yaxası yuxarı qalxdı, Maral gölə sarı yol aldı. Tumurcuqlardan yeni-yeni çıxan yaz meşəsinin yaşıllığı anbaan artdı, əkslərini Göygölə saldı. Sanki bu yaşıl-yaşıl ağaclar Göygöldə üzürdü. Kəpəz dağının aşağı ətəyində zümrüd meşələrin əhatəsində qıvrıla-açıla dalğalanan Göygöl Marala yaraşıq verirdi.