Məcaz nədir? Bəzən əşya və hadisələrin əsas xüsusiyyətini oxucuya daha dəqiq və təsirli çatdırmaq üçün onlar nəyəsə oxşadılır və ya müqayisə olunur. Bədii ədəbiyyatda belə bənzətmələr, müqayisələr mətni bədii cəhətdən daha da gözəlləşdirir və daha obrazlı edir.
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizama düzüb
Baş alıb gedirsən hayana, ceyran?
Burada qaçdığı zaman ceyranın hal və vəziyyəti nəyə bənzədilir? Hansı varlıqların xüsusiyyətləri sizin xəyalınızda qarşılaşdırıldı?
Bununla belə bilməlisiniz ki, hər cür qarşılaşdırma “bədii” qarşılaşdırma adlandırıla bilməz. “Quş uçur, amma ceyran qa çır” kimi bir qarşılaşdırma buna nümunədir.
Bu cür bənzətmə və müqayisələr ayrı-ayrı varlıqların xüsusiyyətlərinin xəyalən qarşılaşdırılması ilə yaranır, ədəbiyyatda bunlara bədii təsvir vasitələri deyilir.
Bədii təsvir vasitələrinə (məcazlara) təşbeh (bənzətmə), epitet, metafora və s. daxildir. Lakin hələlik yalnız təşbehin (bənzətmə) və epitetin nə olduğunu öyrənəcəksiniz.