Nə çoxdur qoynumda almalı bağlar!
Qüdrətim göylərin dilini bağlar.
Meşəli dərələr, sal buzlu dağlar,
Dağların süd kimi qarı məndədir.
İnsan bir uşaqdır, vətən bir ana,
Ömür bir çıraqdır, könül pərvanə.
Yolunuz düşdümü bizim Şirvana?
Gül açan heyvası, narı məndədir.
İgidlər yurdudur bu dağ, bu aran.
Bu dağlar başında qalmamış boran.
Hər təzə çiçəkdən bir şirə soran,
Pətəyə bal düzən arı məndədir.
Ağdaşın pambığı çiçək-çiçəkdir,
Şəkinin bəzəyi şaldır, ipəkdir.
Qarabağ gözəli dönyada təkdir,
İsti yanaqların narı məndədir.
Ölsün bu yerlərdən ilham almayan,
Qəlbini saz kimi tutub çalmayan.
Yarışda gənclikdən geri qalmayan
Min qoca məndədir, qarı məndədir.
Şirindir insanın öz azadlığı,
Könül azadlığı, göz azadlığı,
Qələm azadlığı, söz azadlığı,
Dünyanın ən böyük varı məndədir.
Gəldi ömrün gözəl bahar çağları,
Açılmışdır könüllərin bağları.
Qarış-qarış dolan bizim dağları,
Diş göynədən bulaqları məndədir.
Sarı limon çay östöndə dad olur,
Gözüm görür, könlüm evi şad olur.
Hansı namərd dost evinə yad olur?
Məhəbbətin vəfadarı məndədir.