TOFİQ BAYRAM. “ƏN GÖZƏL”
(Əsər üzərində iş)
Əvvəlki dərslərdə mətnin ideyasını müəyyən etmək üzrə ilkin bilik və bacarıqlara yiyələnmisiniz. Aşağıda təqdim edilən şeiri oxuyun. İdeyanı müəyyən edin. (Oxuya hazırlıq işləri aparmağı unutmayın.)
Tapşırıq 1. “Oxudan əvvəl” təlimatını (səh. 12) yerinə yetirəndən sonra şeiri oxuyun.
ƏN GÖZƏL
Ey könül, ümmanlar coşsun səsində,
Şeirin qanad açan günüdür bu gün.
Bütün ölkələrə yer kürəsində
De ki, Azərbaycan günüdür bu gün!
Dostları şad görüm, yadları dalğın,
Arzumun gül açan günüdür bu gün.
Şöhrətli vətənin, qeyrətli xalqın
Tarixə nur saçan günüdür bu gün.
Payızdan xoş ətri gəldi baharın,
Elimin sevinci aşıb-daşıbdır.
Sifəti nurlanıb ağsaqqalların,
Ağbirçək analar cavanlaşıbdır.
Dünyanı mat qoyub bu arzu, həvəs,
Xalqımın öyünən günüdür bu gün.
Bütün ürəklərin həmrəy, həmnəfəs
Sevinclə döyünən günüdür bu gün.
Ən gözəl kəlmələr axtarın, seçin,
Dostlar, alqışlardan Azərbaycana.
Hələ neçə-neçə bayraqlar biçin
Qızıl qumaşlardan Azərbaycana!