I. “Müəllim” şeirini bir daha diqqətlə oxuyun. Özünüzə sual verin. Bu mətndə nədən bəhs olunur? Nədən bəhs olunduğunu müəyyən etməklə mətnin mövzusunu müəyyən etmiş olarsınız.
II. Şeiri hissələrə bölüb hər hissəyə başlıq verin. Mətnin hər hansı parçasında verilmiş başlıq söz, yaxud söz birləşməsi ilə ifadə edilir. Bu başlıqlar ideyanı yaradan fikirlərdir.
III. Bəndlər (abzaslar) üzrə fikirlərə — başlıqlara baxın. Onlar ideyanı müəyyən etməkdə sənə kömək edəcəklər. Bunu riyazi ifadə kimi belə təsəvvür etmək olar:
Şeir söz sənəti nümunəsidir. Şeir fikrin vəznli, obrazlı, qafiyəli ifadəsidir. Şeiri nəsr əsərlərindən fərqləndirən onun axıcılığı, ahəngi və musiqiyə uyğunluğudur. Eyni zamanda şeirdə sözlər arasında müəyyən ölçünün, fasilənin nəzərə alınması və misraların sonundakı sözlərin bir-biri ilə uyğunlaşması vacibdir. “Müəllim” şeiri heca vəznində yazılıb. Bilirsiniz, heca vəzni nə deməkdir? Əgər bu ifadəni birinci dəfə eşidirsənsə, əvvəlcə «heca» və «vəzn» sözləri üzərində düşünün. «Heca» sözünü çox eşitmisiniz. Yəqin, bilirsiniz ki, heca sözlərin asanlıqla bölünə bilən hissəsinə deyilir. Amma «vəzn» sözü sizə aydın olmaya bilər. «Vəzn» ərəb sözü olub «ölçü» deməkdir. Heca vəznində yazılmış şeirlərdə hecaların sayı şeirin ölçüsünü müəyyən edir. Həmin şeirlərin birinci misrasında neçə heca varsa, qalan misralarda da o qədər sayda heca olmalıdır. Bir misrada 5,7,8,11,12,16 və s. heca ola bilər.