Süleyman Rəhimov 1900-cü ildə Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. Uzun müddət Z.əngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri “Şamo” romanıdır. O, 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir. “Saçlı” romanının, “Mehman”, “Məhtəban” povestlərinin, “Kəsilməyən kişnərti”, “Güzgügöl əfsanəsi”, “Arpaçay əfsanəsi”, “Gülən balıq”, “Ovqan və ilan” əsərlərinin müəllifidir.
1983-cü ildə vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Aleksandr Puşkin 1799-cu il iyunun 6-da Moskvada anadan olmuşdur. Puşkinin dünyagörüşünün formalaşmasında şairin nənəsi Mariya Alekseyevnanın (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub. 1811-ci ildə Puşkin Çarskoselsk liseyinə qəbul olur. Liseydə oxuduğu 6 il onun şairlik istedadının inkişafına köklü şəkildə təsir göstərir. Həmin illərdə gənc Puşkin ədəbi fəaliyyətə başlayır. 16 yaşında Derjavinin qarşısında “Çar kəndində xatirələr” şeirini oxuyur. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirən şair Xarici İşlər Kollegiyasına təyinat alır, 1819-cu ildə isə dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olur. Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın “ən böyük şairi” və müasir rus ədəbiyyatının banisi sayılır. Puşkin 1837-ci il yanvarın 29-da vəfat etmişdir.
Süleyman Rüstəm 1906-cı ildə Bakıda anadan olmuşdur. Dramaturq, tərcüməçi, ictimai xadim, Azərbaycanın Xalq şairidir. “Ələmdən nəşəyə”, “Ulduzlar”, “Gecənin romantikası”, “Şairin səsi”, “Ananın ürəyi” kimi onlarla kitabın müəllifidir. Onun böyük oxucu rəğbəti qazanmış “Cənub şeirləri” adlı kitabında Cənubi Azərbaycanı tərənnüm edən şeirləri toplanmışdır.
1989-cu ildə vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.