Çıl-çılpaqdır, çıl-çılpaq...
Ancaq aşağılarda, alt budaqlarda bozarmış, saralmış bir neçə yarpaq var...
Bir qız durmuş xan çinarın altında — beş-altı yaşlarında bir qızcığaz.
Xan çinarı daim şax budaqlı, budaqlarını daim şux yarpaqlı, yarpaqlarını daim yamyaşıl, işım-işım işıldayan görmüş qızcığaz öz yaşından bəri.
Bəs indi, bu nədir belə?
Yaranışın bu qəribə əyləncələrindən, doğum-ölüm oyunlarından qızcığazın nə xəbəri!..
Yerə səpilmiş yaralı yarpaqları incitməmək üçün ehmalca addımlayır qızcığaz — bir neçə yarpağı qalmış budağa sarı.
Saralıb bozarmış bir yarpağa baxır, qayğılı-qayğılı.
Tozdan belə saralıb-bozarmış bilir onu.
Uzadır xırdaca tombul əllərini.
Tozunu silmək istəyir, nəvazişlə. Qopub əlində qalır yarpaq.
Əlləri əsir, ürəyi uçunur qızcığazın, dolur gözləri.
Ağlamaq istəyir qızcığaz, hönkürə-hönkürə, hıçqıra-hıçqıra...
Mən böyük sənətkarın xatirəsinə hörmətlə papağımı götürdüm, başımı ehtiramla əyib qoca neftçinin sözünü təsdiq etdim:
Bağrına basır yarpağı.
Qızcığazın körpə ürəyinin hərarətindən, ana südü kimi saf-təmiz məhəbbətindən sanki canlanır, dilə gəlir solğun yarpaq:
— Gözlərin dolmasın, bala can, dərd olmasın bu sənə!..
Mən bu qocaman xan çinarın bir yarpağıyam, bala can, yalnız bircə yarpağı.
Biz yarpaqlar gəldi-gedərik, bala can, xan çinar sağ olsun, var olsun!
Mən də bu solğun yarpaqlar kimi, ana torpağın qoynunda gönəşin hərarətinə, yağışın rütubətinə qarışacağam, yenə xan çinara qovuşacağam...
Yenə bahar gələcək, güllü-çiçəkli bahar!..
Səhər-səhər gün işığında xan çinarın işım-işım işıldayan yamyaşıl yarpaqları içində məni də görəcəksən, bala can, görəcəksən!..
Dan yelləri əsəndə, xan çinarın xışıldayan səsində, göylərə ucalan torağayın səhər nəğməsində, ana torpağın ətirli nəfəsində mənim də səsimi eşidəcəksən, nəfəsimi duyacaqsan, bala can, eşidəcəksən, duyacaqsan!
Bahar gələcək, güllü-çiçəkli bahar!
Xan çinar var olsun, bala can, yerli-yataqlı, şax budaqlı xan çinar!..
Mikayıl Rzaquluzadə
Tapşırıq 2. Hekayəni oxuduqdan sonra “Oxudan sonra” təlimatını (səh. 16) yerinə yetirin.
Yaradıcı tətbiqetmə:
1. Müşahidə eldiyiniz zaman zövq aldığınız əşyanı, bitkini, heyvanı və s. təsvir edin.