Füzuli həsrəti tutdu aləmi,
Yaşadı Vaqifin sevinci, qəmi,
Könülsüz könüllər fəth edərdimi
Qəzəli, qoşması Azərbaycanın?
Azmı göydən yerə od ələnibdir.
Şadlıq sükut edib, kədər dinibdir.
Bir dövrün hökmüylə bəstələnibdir
Bir ana laylası Azərbaycanın.
Daşlar naxış-naxış qaralı, ağlı,
Naxışlar necə də qollu-budaqlı.
Bir qalın kitabdı sirli, soraqlı
Hər qədim qayası Azərbaycanın.
Güllər alışdıqca ulduzlar kimi,
Şırşırlar oxuyur nəğmələr kimi.
Durur babalardan yadigar kimi
Cavanşir qalası Azərbaycanın.
Qəzəbi tufandır, sevinci dəniz.
Vicdanı boyasız, eşqi ləkəsiz.
Günəşlə yaşıddır, gündüzlə əkiz
Həyat simfoniyası Azərbaycanın.
Döyüşdə büdrəyib, cəngdə pozulmaz,
Girsə hər meydana tək də pozulmaz.
Çətində boşalıb, bərkdə pozulmaz
Qardaşlıq dünyası Azərbaycanın.
Cəfər səhnəmizin zinəti oldu,
Üzeyir musiqi şöhrəti oldu.
Vurğun qələminin qüdrəti oldu,
Nəriman — dühası Azərbaycanın.
Başıma qaxıncmı, başımın dəni?..
Ağrılar, acılar sarsıtmaz məni.
Hələ indən belə yüz il Hüseyni
Yaşadır havası Azərbaycanın.