Hüseyn Arif
AZƏRBAYCAN
Axdı qulağıma dan söküləndə
Çoban bayatısı Azərbaycanın.
Üfüq qızaranda, Günəş güləndə
Başqadır səfası Azərbaycanın.
Aranı dolaşdım, dağı dolaşdım.
Bu yurddan o yurda neçə yol açdım.
Qışın çilləsində zirvələr aşdım
Başımda sevdası Azərbaycanın.
Hər odlu sinədən bir geniş ürək
Öpdüm balaları balalarımtək
Nə qədər mənimlə kəsdi düz-çörək
Cavanı, qocası Azərbaycanın.
Çaylar dərələrdən şütüyüb gedir,
Sellər palıdları döyüb titrədir.
Ürkək maralların görüş yeridir
Yamyaşıl talası Azərbaycanın.
“Çiçi”, “Pirəbədil” dillər əzbəri;
Toxudu xalqımın öz gözəlləri.
Gəzdi ölkələri, gəzdi elləri
İpəyi, atlazı Azərbaycanın.
Babalar zövqlə yaratdı, getdi,
Dəmiri qaynadıb, misi əritdi,
Şərqi heyran qoyub, Qərbi mat etdi,
Bəzəkli dolçası Azərbaycanın.
Tək deyil Nizami, o böyük insan,
Nəsimi ömrü də bir canlı dastan.
Çıxıb əsrlərin imtahanından
Yüz sənət ustası Azərbaycanın.