Siranuş özünü çox gözlətmədi. Arxayınca evə girib qutunu götürdü. Qoltuğuna vurub bayıra çıxanda qapının ağzında qəfildən yaxaladıq. Özünü itirdi. Qızarıb-bozardı. Çək-çevirdən, hədə-qorxudan sonra o biri qutunu da oğurladığını boynuna aldı. Arvadın hərəkətinə matım-mutum qurumuşdu.
— Bəs qutunu neynəmisən, harda gizlətmisən, ay imansız-dinsiz? — Baban ermənini təzədən sıxma-boğmaya saldı.
— Yerevandakı qardaşıma göndərmişəm, — dedi.
Siranuşun qardaşı İrəvanda adlı-sanlı, məşhur alimdi. O, mağaradan tapılan şeylərin şəkillərini İrəvanda çıxan qəzetlərdə, jurnallarda çap etdirmişdi. Palazqulaq-palazqulaq məqalələr yazmışdı. Gündə bir televizora çıxıb, aləmə səs salmışdı ki, bəs tapdığı mağara (guya özü tapmışdı) qədim erməni məskənlərindəndir. Deməyəsən, bu torpaqların əzəli sakinləri ermənilər imiş.
Moskva, dünya alimləri mağaraya baxmaq üçün tökülüb gəldilər, yazdılar, pozdular, axır çıxıb getdilər. Amma səs-səmirləri eşidilmədi. Elə bil qurbağa gölünə daş atmadın.
— Səbəbini bilmədiniz, ay nənə?.. — Maraq yenə üstün gəldi.
— Baban soraqlayıb hamısını öyrəndi. Vicdanlı alimlər uzun araşdırmalardan sonra aydınlaşdırmışdılar ki, mağara qədim türklərə məxsusdur. Erməni aliminin yazıb-pozduqları cəfəngiyyatdan başqa bir şey deyilmiş. Demə, Siranuşun qardaşı da elə bacısı ağıldaymış...
— Nənə, bəs sonra babam bizim alimləri Bakıdan çağırmadı?..
— Çağırdı, bala, amma ermənilər aranı qatdılar, bizi dədə-baba torpaqlarımızdan qovdular. Əvvəl Qarabağa pənah apardıq. Ermənilər Qarabağı da əlimizdən aldılar. Bakıda qərar tutduq. O torpaqların adı babanın son nəfəsində də dilindən düşmədi.
Nənəm dərindən köksünü ötürdü:
— Bilirsən, oğul balası, türkün ta qədim dövrlərdən bəri hər şeyi olub. Gözü-könlü tox yaşayıb. Erməni kimi heç nəyin həsrətini çəkməyib. Bəlkə, elə buna görə çox zaman sahib olduğunun qədir-qiymətini qədərincə bilməyib...