— Hə, doğrudan da, bunlar qədim erməni dövlətinin qalıqlarına oxşayır.
— Onu sənə kim dedi, ay Siranuş? — Mat-məəttəl soruşdum.
— İndicə ərinə sən demirdin? Özcə qulaqlarımla eşitdim.
Mənim də təəssübkeşliyim tutdu.
— Bəs onu eşitmədin ki, ermənilər bu torpaqlara dünən-srağagün gəliblər? — Hirslə qutunun qapağını örtüb ortalıqdan götürdüm.
Bakı səfərinə hazırlaşan baban səbirsizliklə yay tətilini gözləyirdi. Deyirdi, Akademiyadakı alimləri yığıb elimizə-obamıza gətirəcəyəm. Gəlib gəzib-dolansınlar, görüb-götürsünlər, araşdırsınlar. Tariximizin daha bir qaranlıq səhifəsini də işıqlandırsınlar. Bir daha erməniyə anlatsınlar ki, bu torpaqlar türk torpaqlarıdır...
Yay tətilinə az qalmışdı. Bir gün baxdım ki, qutu şkafın üstündə yoxdur. Fikirləşdim ki, yəqin, baban özü götürüb harasa qoyub. Babandan soruşan kimi barmağını dişlədi. Siranuş arvaddan şübhələndi.
— Havayıdan maraqlanmırmış, — dedi. — Gərək qutunu açıb ona göstərməyəydin.
Saymazyana güldüm.
— A kişi, sən də oğru tapdın. Sür-sümük Siranuşun nəyinə gərəkdir?..
— Arvad, ermənini öz arşınınla ölçmə, — baban dedi. — Erməni bizim düşündüyümüzdən də bicdir. Elə şeylərin qədir-qiymətini yaxşı bilir...
Vallah, heç cür inanmırdım ki, Siranuş arvad qutudakılardan nəsə bir şey qana. Axı o da mənim kimi savadsızın biriydi. Bircə elə sür-sümüyü çatmırdı!..
Qaranəfəs Siranuşun üstünə qaçdım. Dili topuq çalsa da, heç nəyi boynuna almadı. Baban sözündə möhkəm adam idi. Siranuşu yoxlamaq üçün təzə bir qutu hazırladı. İçini də zir-zibillə doldurdu. Dedi, Siranuşa xəbər ver ki, kişi mağaradan keçən dəfəkindən də artıq sür-sümük, saxsı qırıqları, qədim pullar yığıb gətirib. Amma çalış, şübhələndirmə. Guya sözgəlişi ağzından qaçırdırsan...
Siranuşla qapı-qonşu, lap bir evli kimiydik. Qapımız qıfıl tanımazdı. Həmişə üzünə açıqdı. Evdə oldum-olmadım, haçan istəsə gələr, gedər, nə istəsə aparar, gətirərdi. Oğurluğunu-filanını da hələ görməmişdim...
Bir gün əvvəl Siranuşu aldatdım ki, qonaq gedəcəyik, ev-eşikdən göz olsun. Samanlıqda gizlənib erməni axçiyini güdməyə başladıq.