Səhərisi baban atanı da özünə qoşub həmin mağaraya yollandı. Əlavə bir neçə məişət əşyası-filan da yığıb gətirdi. Onları səliqə ilə bir qutuya yerləşdirib mənə verdi:
— Arvad, — dedi, — bunu elə yerə qoy ki, uşaq-muşaq əli dəyməsin. Bakıya, Elmlər Akademiyasına aparacağam. Alimlərə göstərəcəyəm.
Savadsız arvad idim.
— A kişi, — dedim, — sür-sümük alimlərin nəyinə gərəkdi? Nə danışdığımı heç özüm də bilmirdim.
— Sənin belə şeylərdən başın çıxmaz, arvad. — Baban səsini qaldırdı. — Bunlar adi, yaxın keçmişin sür-sümüyü deyil. Tarixdir! Həm də qədim tarixdir!..
Yenə heç nə qulağıma girmədi.
— Nədi, buna görə indi bir də durub burdan Bakıya gedəcəksən? Belə vacibdir, nə çoxdur Bakıya gedib-gələn, ver birinə aparsın də...
— Yox, bu işi hər adam yarıtmaz! Özüm getməliyəm. Gördüklərimi alimlərə ətraflı danışmalıyam. Onlarda maraq, həvəs oyatmalıyam. Yoxsa Allah bilir, alıb hara atacaqlar.
Qutunu qaldırıb şkafın üstünə qoydum.
Baban bayıra çıxanda qapının ağzında erməni qonşumuz Siranuş arvadla az qala toqquşacaqdı. Demə, bayaqdan qapının dalında durub gizlicə bizə qulaq asırmış...
Tək qalanda Siranuş arvad hərləyib-fırlayıb məndən soruşdu:
— Qutudakı nədir?..
— Bekara şeydi, — dedim.
— Bekara şeydisə, niyə göstərmirsən? — Siranuş qır-saqqız olub qopmadı.
Arvadın inadkarlığı məni həm təəccübləndirdi, həm də cin atına mindirdi. Qutunu gətirib açdım.
— Hə, bax, gözüyün qurdu ölsün! — dedim. — Yoxsa gecə yuxunu qarışdırarsan.
Sür-sümüyü görən kimi Siranuşun çəkiləcəyini düşünürdüm. Əksinə oldu. Arvad sür-sümüyə, saxsı qırıqlarına, paslı dəmir pullara çox həris gözlərlə baxırdı.
Onları bir-bir o tərəf-bu tərəfinə çevirə-çevirə öz-özü ilə danışırmış kimi mızıldandı: