— Hədsiz dərəcədə.
— Özün gördün ki, Şuşanın suyu quruyub. Ancaq havası qalıb. Demək səs üçün suyun əhəmiyyəti yoxdur.
Dostum üzümə mənalı-mənalı baxıb başını buladı:
— Səsi diqqətlə dinlə, sonra nəticə çıxart.
— Hər kimdirsə, yaxşı səsi var, heyif ki, Bülbülü yamsılayır...
Bu zaman başqa bir səs də ucaldı. Eynən Cabbar Qaryağdıoğlu kimi zildən oxuyurdu.
— Bu da Cabbarı yamsılayır...
Dostum əlini çiynimə qoyub gülə-gülə dedi:
— Gözümün nuru! Əvvəlcə oxuyan Bülbül, indi oxuyan isə Cabbardır.
— Mənim əzizim, Bülbüllə Cabbar həyatda yoxdur.
Dostum əllərini ölçə-ölçə davam elədi.
— Cabbarla Bülbülün səsi həmişə eşidiləcəkdir. Vallara yazılmış bu səslər heç vaxt unudulmayacaq. Azərbaycan xalqı yaşadıqca, Şuşa şəhəri durduqca sevimli nəğməkarların səsi ölkəmizin hər guşəsindən ucalacaqdır.
Dostuma ciddi nəzər salıb dedim:
- Sözlərinin hamısı doğrudur. De görüm Şuşadan yeni Cabbarlar, Bülbüllər çıxacaqmı?
Dostum qəmgin çöhrəsini yana çevirdi. Güclə eşidilə biləcək tərzdə cavab verdi:
— Məncə, Xan Şuşa xanəndələrinin, yəni parlaq nəğməkarların son nümayəndəsidir.
Mən bir sual da verdim:
— Belə çıxır ki, daha şaqraq səsə həsrət qalacağıq?
— Mən o fikirdə deyiləm.
— Hərgah Sarıbaba suyu bu şəhəri sirab eləsə necə?
Dostum gözünü Xəlifəli meşəsinə zilləmişdi. Cabbarla Bülbülün səsi məni məst eləmişdi.
Başımız söhbətdən ayazıyanda yük maşınında istirahətdən dönən bir dəstə cavan gördük. İki oğlan “Qarabağ şikəstəsi”ni elə yanıqlı oxuyurdu ki... Mən dostuma baxanda o əvvəlcə başını tərpətdi, sonra gülümsündü.
Mən Azərbaycan musiqi üzüyünün bahalı qaşı olan nəğməkarları düşünür, ürəyimdə deyirdim: “Unudulmaz səs, unudulmaz söz, unudulmaz rəng təbiətin insanlara bəxş etdiyi ən qiymətli nemətidir...”