Bu yollar nə qədər Azay kimi oğulların atasını cəbhəyə aparmışdı; günlərin bir günündə bu yollar həmin ataları öz ailələrinə, balalarına qovuşduracaqdı. Bu zaman Azayın gözlərinə bir kölgə ilişdi. Diqqətlə baxıb gördü ki, tanımadığı bir adam dəmiryoluna yaxınlaşıb şübhəli nəzərlərlə ətrafa baxdı. Sonra relslərin altını sürətlə qazaraq oraya nə isə qoyub qorxa-qorxa sürətlə geri çəkildi. Azay yad adamın bu hərəkətlərindən çox şübhələndi, dərhal ayağa qalxıb onu qarşıladı. Yad adam Azayı görən kimi yolunu dəyişərək ondan uzaqlaşmaq istədi. Azay buna imkan vermədi:
— Ey kimsən?
Yad adam gülümsəməyə çalışdı:
— Neyləyirsən? Mən də sənin kimi bir vətəndaş! De görüm, sən kimsən?
Azay cavab verməyib şübhəli nəzərlərlə ona baxdı. Yad adam söhbətin səmtini dəyişmək istədi:
— Sənin də atan cəbhədədir?
— Bəs harda olacaq? Göndərsələr, mən də gedərəm.
Kişi fürsəti fövtə verməməyə çalışdı:
— Eh...h... Atalar neylədi ki, sənin kimi südəmər oğullar neyləsin.
Azay acıqlı-acıqlı ona baxdı. Yad adam buna əhəmiyyət verməyib sözünə davam etdi:
— Yazıq, sənin vətəninmi var?.. Bu gün, sabah almanlar onu da alacaq, vətənsiz qalacaqsan...
Azayın gözləri kəlləsinə çıxdı. Dərhal atasının sözləri yadına düşdü: “Atanı düşünmə, mənim üçün darıxsan, ana vətənə qulluq et! O, mənim üçün hər şeydən — atadan da, anadan da əzizdir”. Bu sözləri xatırlayıb Azay qəhərləndi, gözləri doldu özünü saxlaya bilməyib, ondan uzaqlaşmağa çalışan yad adamın üstünə atıldı, iki əli ilə boğazından yapışdı:
— Ay xain, mənimmi vətənim yoxdur... Nə? Mənim vətənim yoxdur?!
Yad adam boğazını zor-güc Azayın əlindən qurtarıb kənara çəkildi:
— Şeytan oğlu, bu saat səni atavın yanına göndərəcəyəm — deyə cibindən bir fin bıçağı çıxardı. Hücum etmək istədikdə Azay yerdən böyük bir daş götürüb onun əli qarışıqlı fin bıçağına vurdu. Kişinin əli bərk əzildi, bıçaq əlindən yerə düşdü. Azay cəld bıçağı götürüb dikəldi:
— İndi, sənin canın mənim əlimdədir. Xain, satqın, mənim vətənim yoxdur?
Elə bu zaman yoldan keçən iki hərbi nəfər onları görüb yaxınlaşdı:
— Niyə vuruşursunuz?..
— Bu adam deyir ki, sənin vətənin yoxdur!.. Bu gün-sabah almanlar bu yerləri də alacaq, sən vətənsiz qalacaqsan.
— Yalan deyir! — deyə yad adam artıq söz söyləyə bilmədi.