Rəsul Rza
ŞUŞA
(İxtisarla)
Burda nəğmə yaz çiçəyi kimidir:
Tez dayanır, tez gül açır, boy atır.
Burda səhər yuxusundan adamı
Bülbüllərin cəh-cəh səsi oyadır.
Burda hava körpə uşaq kimidir,
Gah tutulur, gah ağlayır, gah gülür.
Burda səhər buludların döşündən
Qayalara qıçılgüllər tökülür.
Göylərində at oynadır şimşəklər,
Bir an olur gur yağışı, dolusu...
Əlvan çiçək xalıları yamacda
Baş qaldırır nərgiz, gözü dolu su.
Qayalarda tərlanları qıy vurur,
Dan atanda maral gəlir çeşməyə.
Qız-gəlinlər gün doğmamış oyanır;
Dəstə-dəstə bulaq üstən keçməyə.
Mən torpağın qüdrətinə heyranam,
Yüz ziynəti, yüz rəngi var hər ildə.
İnsan vaxtsız nə qocalar, nə ölər
Torpaq kimi gücü olsa könüldə.