Gözünə silsilə dağlar göründü
Karvana düzülmüş dəvələr kimi.
Dağların döşündən duman süründü
Təzə iməkləyən nəvələr kimi.
Göründü insana dənizlər, göllər
Yeni qalaylanmış tava kimi ağ,
Göründü arpalı, buğdalı çöllər, —
Sanki zəfərandır Yerdə bir tabaq.
İnsan bir qürurla süzdü bunları,
Süzdü ulduzların bərabərindən.
Dedi: — Nə gözəldir bizim Yer şarı!
Baxdı, köks ötürdü insan dərindən.
Birdən çöhrəsini börüdü kədər,
Dolandı başına onun kosmos da.
Qorxdu — bu gözəllik məhv ola bilər,
İynə batmış kimi partlar bu “kos” da!
İnsan bilirdi ki, Yer kürəsində,
Qucağı doludur arsenalların.
Ölöm qorxusu var buz nəfəsində,
Qarımış, qartımış generalların.
Səmadan görünən zümrüd meşənin,
Qoynunda torpaq var — insan bilirdi.
Düzlərə çiçək yox, raket döşənib,
Raketlər danışar — insan bilirdi.
Bilirdi neytron, atom haçaqdır,
Yatır yuvasında bir ilan kimi.
Töküb zəhərini sıçrayacaqdır,
O, “qış yuxusu”ndan ayılan kimi.