Qabil
QOY DANIŞSIN TƏBİƏT
Günəş gah görünür, gah görünməyir,
Duman gah sürünür, gah sürünməyir.
Dərələrdən axan suların səsi,
Yalqız bulaqların kövrək nəğməsi,
Gah batır, gah da ki, çıxır aşkara.
Ürəyim bürünür xoş duyğulara,
Susmaq istəmirəm, susuram fəqət.
Qoy danışsın təbiət!
Başımın üstündə çətirli meşə,
Yuyunmuş, daranmış ətirli meşə.
O yazda yaşıldı, payızda əlvan.
Bir ağac kəhraba, bir ağac mərcan.
Bir yarpaq Günəşin şöləsində zər,
Bir yarpaq buludun gözünü silər.
Dinim, ya dinməyim, dinləyim əlbət,
Qoy danışsın təbiət!
Dağdan göz ağardır əvvəlinci qar,
Qorxudan saralır çiçəklər, otlar.
Üfüq qıpqırmızı, zirvə bəmbəyaz.
Bəhsəbəhs eyləyir yaqutla almaz
Rəng verir, rəng alır göylərin tağı.
Rənglər ovsunlayır ana torpağı.
Şeirdə, rəsmdə hanı bu cürət?
Qoy danışsın təbiət!
Qalxır talalarda ot qarış-qarış.
Qalxır, dizə çıxır yağdıqca yağış.
Yağışdan yaranan xırdaca göllər
Mürgülü, yuxulu gözlərə bənzər.
O gözlər gah dolur, gah da boşalır.
Pərişan-pərişan xəyala dalır.
Dindirmək istəyir məni bu möhnət.
Qoy danışsın təbiət!