— Başa düşürəm, oğul, başa düşürəm. Ancaq iki həftə küsülü qalmaq... Bu heç mənim xoşuma gəlmir. Özü də Vaqifin belə ağır vaxtında: axı özün deyirsən ki, müəllim deyib, belə getsə, sinifdə qala bilər. Sən onun yoldaşısan, ona indi kömək əlini uzatmasan, nə vaxt uzadacaqsan?!
— Ata, mən kömək eləmək istəyirdim, lap sinifdə dərsi ona pıçıldardım da, ancaq bircə onun bu lovğalığı olmasaydı.
— Yox, sinifdə dərsi pıçıldamaq, suflyorluq eləmək yaxşı deyil. Bunun ona bir köməyi dəyməz. Burdan sən deyəcəksən, o da tutuquşutək təkrar edəcək, oradan da yadından çıxıb gedəcək. Yaxşı eləmisən ki, özün dediyin kimi dərsi pıçıldamamısan. Vaqifə köməyi evdə, dərslərini hazırlayanda eləmək lazımdır. Əsl yoldaşlıq köməyi bu olar. Mənə elə gəlir ki, sən onula barışmalısan.
— Ata, axı o özü indi məndən üz döndərib, mən necə onun yanına gedim?!
— Mənə elə gəlir ki, oğul, indi, yəqin, o da peşman olub. Bir də deyirsən ki, o lovğadır, qürurludur. Elə buna görə də o sənin yanına gəlməyəcək. Onun isə indi ağır vaxtıdır. Səadət xalanın da vaxtı yoxdur onun üstündə göz olsun. İşə gedən kimi o da evdə oturub dərs öyrənmir, küçəyə qaçır, onun-bunun pəncərəsini sındırır. Yaramaz işlərlə məşğul olur. Sən onlara getsən, ya onu bizə çağırsan, belə olmaz. Oturub səninlə birlikdə dərslərini öyrənər. Bir də oğul, gərək sən heç vaxt unutmayasan ki, atasının yoxluğu Vaqifə çox pis təsir eləyir.
Atam düz deyirdi. Ancaq Vaqifin uşaqların yanında mənə “Bərk ayaqda adamı qoyub qaçan — sənin adın budur” deməsindən sonra onun ayağına getmək mənə çox ağır gəlirdi. Çox ağır!
Bunları atama da dedim. Cavabı bu oldu:
— Hamısını başa düşürəm, oğul. Bil ki, əgər o, yaxşı oxusaydı, mən, bəlkə də, səni onun ayağına göndərməzdim. Deyərdim ki, gözlə, o, sənin ayağına gəlsin. Ancaq indi vəziyyət başqa cürdür. O özü də başa düşmədən sinifdə qala bilər. Halbuki yaxşı oxumaqda indi sən ona kömək edə bilərsən. Özün də deyirsən ki, o, korafəhm deyil, ancaq lovüa və tənbəldir. Mən sənin yerində olsam, elə günü sabah gedib onunla barışaram. Günü sabah.