Ayrılanda xahiş elədi ki, ayağımı onlardan kəsməyim. Bir də...
— Bir də, bala, qadan alım, imkanın olanda Vaqifə dərslərini öyrənməkdə kömək elə. Müəllim səni yaman tərifləyirdi...
Mən Səadət xalaya da deyə bilmədim ki, oğluna kömək etməyə hazır idim, amma onun özü bunu istəmədi. Kösülü qalmağımı da aça bilmədim. Fikirləşdim ki, Vaqif bunu eləməyibsə, mən niyə eləyim?!
İndi budur, üç gündür, Səadət xalanın sözləri başımdan çıxmır. “Qadan alım, imkanın olanda Vaqifə dərslərini öyrənməkdə kömək elə”.
İmkanım var, Səadət xala, var! Kömək də eləyə bilərəm. Ancaq biz küsülüyük. Özü də oğlunuz məndən küsmüşdür, “məni danışdırma” demişdir.
Bu gün də rus dilindən “2” aldı. Qanım lap qaralmışdır. Qəribədir, “2”-ni alan o, qanı qaralan mən.
Axşam evdə başa düşdüm ki, ona görə yox, Səadət xalaya görə qanım qaralmışdır. Yazıq arvad bilsə, görəsən, indi neyləyəcək? Mənə ümid oldu, məndən də oğluna bir kömək yetişmədi. Heç yaxşı olmadı.
Vaqifə də heç bilmirəm nə oldu, günü-gündən dala gedir.
Fikir məni götürmüşdş. Atamın mehriban səsini eşitdim:
— Oğul, yaman fikirli görünürsən, nə olub bəyəm?
— Heç, elə bir şey yoxdur, ata.
— Yox, sən nəsə məndən gizlədirsən. Gözlərindən görürəm. Sən ki məndən heç bir şey gizlətməzdin!.. Bir də Vaqif neçə gündür gözümə dəymir. De görüm, küsüb eləməmisiniz ki?!
Mən susurdum. Atam yaman yerdə məni yaxalamadı. İşin nə yerdə olduğunu öyrənməyincə məni rahat buraxmayacaqdı. Xasiyyətini bilirdim. Bir də mənim özümün ürəyim dolmuşdu. Danışmağa elə adam axtarırdım. Atamdan yaxşı məsləhətçi kimi tapacaqdım ki?! Odur ki olub-keçənləri başdan ayağacan danışdım. Hətta Səadət xalanın oğluna kömək üçün məndən xahiş elədiyini və bu gün Vaqifin yenə “2” qiymət aldığını da söylədim.
Atam məni diqqətlə dinləyəndən sonra dedi:
— Hə, yaxşı olmayıb. Gör nə vaxtdan küsülüsünüz, mənə də deməmisən.
— Ata, bilirsən, utandım. Bir də mən küsməzdim. Mənim belə şeydən xoşum gəlmir. Ondan oldu.